ABŞ-da toy ərəfəsində cütlüyün başına gəlməyən hadisə qalmayıb. Bəyin yaxınları gəlini bəyənmədikləri üçün toyu və bal ayını pozmağa çalışıblar.
Publika.az xəbər verir ki, bu barədə Reddit forumunun istifadəçilərindən biri məlumat verib.
Ailə qurmağa hazırlaşan bəyin qohumları onun evlənəcəyi qızı qəbul etməyiblər. Ehtimal olunur ki, ailə bəyin daha imkanlı qızla evlənməsini istəyib. Qayınanası və baldızı gəlini dəfələrlə hədəfə alıblar. Ona bir neçə dəfə sosial şəbəkədə yazaraq təzyiq göstəriblər, bəy bundan xəbər tutanda isə hər şeyi inkar ediblər. Daha sonra cütlüyün nişanlandığını öyrənən oğlanın anası infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Qadın hər şeydə oğlunu günahlandırıb və bütün müalicə xərclərini onun ödəməli olduğunu deyib.
Bundan sonra bəyin yaxınları toyda iştirakdan imtina ediblər. Hələ bu azmış kimi toyun baş tutmasına da əngəl olmaq istəyiblər. Belə ki, toy zamanı bir neçə kişi gəlinin yanına qaçaraq onun üzərinə qırmızı boya atıblar. Tədbirli gəlin paltarını dəyişərək toyunda oynamağa davam edib.
Qohumların ürəyi bununla da soyumayıb. Onlar cütlüyün toy fotosessiyasının harada olacağını əvvəlcədən öyəniblər və polisə anonim mesaj göndərərək orada narkotik vasitələrin paylandığını bildiriblər. Həmin məkana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bütün qonaqların üzərində axtarış aparıblar. Daha sonra bəyi dindirmək üçün bölməyə aparıblar. Araşdırmadan sonra məlum olub ki, bütün bunlar böhtandır.
Beləliklə, toy baş tutub və cütlük evlənib.
Lakin qohumlar bununla da kifayətlənməyiblər. Bal ayından əvvəl onlar bəyin pasportunu və vizasını oğurlayıblar. Onlar həmçinin səyahəti sabotaj etmək üçün turizm agentliyinə rüşvət belə verməyə çalışıblar. Ancaq bu dəfə də istəklərinə nail ola bilməyiblər.
Sosial şəbəkələr vasitəsilə hadisədən xəbər tutan şəhər sakinləri qayınanadan qisas almaq üçün onun evinə yumurta atıblar.
Cəmilə