Qətərlə Yaxın Şərqdəki ən böyük hərbi hava bazası Əl Udeyddən istifadəyə dair müqaviləni Birləşmiş Ştatların gizli şəkildə daha 10 il uzatdığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə CNN Pentaqonun üç nümayəndəsi və adı açıqlanmayan bir məmura istinadən məlumat yayıb.
Qətərin paytaxtı Dohanın cənub-qərbindəki səhrada yerləşən Əl-Udeyd aviabazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur və 10 mindən çox hərbçi yerləşdirməyə qadirdir. O, həmçinin Qətər və Britaniya Hərbi Hava Qüvvələrinin kontingentini qəbul edir.
Telekanal qeyd edib ki, bir ay əvvəl Əl-Udeydə səfəri zamanı Pentaqonun rəhbəri Lloyd Ostin müqavilənin uzadılmasından bəhs etməyib. ABŞ prezidenti Co Bayden administrasiyası da bu barədə heç bir açıqlama verməyib. Qeyd olunub ki, İraq, Suriya və Yəməndə İranın dəstəklədiyi silahlı qrupların təhdidləri artması və Amerikanın Yaxın Şərqdəki mövcudluğunun gücləndirilməsi fonunda müqavilənin uzadılmasına qərar verilib.
Məlumat üçün bildirək ki, son aylar Yaxın Şərqin müxtəlif ölkələrində Amerikanın diplomatik nümayəndəlikləri və hərbi bazaları hücuma məruz qalıb. Ötən gün isə Suriyanın şimal-şərqində yerləşən ABŞ-ın iki bazasını İraq İslami Müqavimət Hərəkatı atəşə tutub.
Aytən Məftun