Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı vermək istəyən abituriyentlər üçün qeydiyyat başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 24-29 iyul, saat 23:59-dək DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeyd olunub ki, tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.