Serbiya tərəfinin təşəbbüsü ilə 23 dekabrda Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov ilə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı baş tutub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar Qərbin “məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yolları”nı müzakirə edib.
Tərəflər BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin fundamental əhəmiyyətinə hörmət edilməklə Kosovo nizamlanmasına, ilk növbədə Serbiyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi zərurətinə xüsusi diqqət veriblər.
Priştina tərəfindən Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması barədə razılaşmaların çoxillik sabotajının qəbuledilməz olduğu vurğulanıb. Kosova-alban hakimiyyətinin yerli serblərə qarşı davam edən terroruna və onların əsas hüquqlarının pozulmasına son qoyulmasının zəruriliyi barədə vahid mövqe ifadə edilib.
Hər iki tərəf Bosniya və Herseqovinadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.