Türkiyədə müxalifətin elan etdiyi bokot çağırışı ilə əlaqədar cinayət işi açılıb.
Qutb.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu ictimaiyyətdə "boykot" çağırışları kimi tanınan və bu çağırışları yayan şəxslərə qarşı istintaqa başladığını açıqlayıb.
Prokurorluğun bəyanatına görə, son dövrlərdə ənənəvi və sosial media platformalarında bəzi insanların iqtisadi fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş və "boykot" çağırışları kimi bilinən ayrı-seçkilik xarakterli ifadələrə qarşı istintaq başladılıb.
İstintaqın "nifrət və ayrı-seçkilik" və "xalqı kin və düşmənçiliyə təhrik" maddələri üzrə aparıldığı bildirilib.
Bundan əlavə, bəzi iş yerlərinə qarşı həyata keçirilən fiziki və şifahi zorakılıq hərəkətlərinə dair aparılan istintaqların da bu işlə birləşdirildiyi qeyd olunub.
Qeyd edək ki, Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özelin 2 aprel tarixində etdiyi boykot çağırışına sərt reaksiya verib. Çelik Özelin bu çağırışını "Türkiyəyə təhdid" kimi qiymətləndirib.
Onun sözlərinə görə, çağırış iqtisadi həyatı hədəfə alıb və Özelin siyasi fəaliyyəti "siyasi fanatizm" və "sosial parçalanma" kimi tarixə keçib. Hadisələrlə bağlı araşdırmalar davam edir.