Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan Qəzza razılaşmasını alqışlayıb.
Qutb.az-ın məlumatına görə, o vurğulayıb ki, gələcəkdə yaradılacaq vahid Fələstin dövləti Qəzza zolağı üzərində tam suverenliyə malik olmalıdır.
Abbas bildirib ki, Qərb Sahili və Qəzza arasındakı əlaqə yalnız Fələstin qanunları, hökumət institutları və təhlükəsizlik qüvvələri çərçivəsində təmin edilməlidir:
“Qərb Sahili ilə Qəzza zolağı arasındakı əlaqə Fələstin qanunları və dövlət institutları vasitəsilə, vahid inzibati komitə və təhlükəsizlik qüvvələri çərçivəsində, bir sistem və qanun altında təmin olunmalıdır,” – deyə Abbas qeyd edib.
O, bu məqsədlə vahid idarəetmə sistemlərinin qurulmasına dəstək göstərilməsinə çağırıb.
Trampın 20 bənddən ibarət Qəzza planında Fələstin dövlətçiliyinə gedən yolun necə olacağı ilə bağlı konkretlik yoxdur. Sənəddə sadəcə qeyd olunur ki, “Fələstin xalqının öz müqəddəratını təyin etməsi və dövlət qurması arzusu üçün etibarlı bir yolun formalaşması üçün şərait yetişə bilər”.