Co Bayden administrasiyası Vladimir Zelenskinin Ukraynada müharibəyə son qoymaq üçün təklif etdiyi planı artıq nəzərdən keçirib və bunu real hesab edib.
QÜTB.AZ xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild "Amerikanın Səsi"nə bildirib.
“Biz prezident Zelenskinin sülh planını gördük. Onun işləyə biləcək bir strategiya və plan hazırladığına inanırıq. Biz Nyu-Yorkda 22-23 sentyabrda BMT Baş Assambleyasında iştirak edəcək bütün dövlət başçıları ilə əlaqə saxlamaqla buna necə töhfə verə biləcəyimizi müəyyənləşdirməliyik. Ona görə də biz müəyyən irəliləyiş əldə edəcəyimizə ümid edirik”, - deyə səfir bildirib.
Tomas-Qrinfild ABŞ-ın həmişə sülhə gedən yol tapmağa ümid etdiyini vurğulayıb. Bu, Co Baydenin son illərdə həm Qəzzadakı vəziyyətlə bağlı, həm də Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə çalışdığı əsas məqsəddir.
Sentyabrın 16-da Zelenski bildirib ki, Ukrayna Rusiya ilə müharibədə “qələbə planı”nın hazırlanmasını tamamlayır və tezliklə onu Qərb müttəfiqlərinə təqdim edəcək. “Ukrayna üçün lazım olan addımlar artıq tam aydın şəkildə müəyyən edilib.
Onun sözlərinə görə, plana hərbi, siyasi, diplomatik və iqtisadi aspektlər daxildir və onların hər birində Ukraynanın mövqelərini gücləndirmək üçün dəqiq tədbirlər siyahısı var. “Orada qeyri-mümkün bir şey yoxdur”, - deyə prezident vurğulayıb.
Adəm Abbaslı