Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski artdığı üçün əhali arasında qripə qarşı vaksinasiya aparılır.
Nazirliyin mətbuat xidmətindən QÜTB.AZ-a bildirilib ki, bu vaksinasiya xüsusilə risk qrupları üçün - 65 yaşdan yuxarı şəxslər, 6 aydan yuxarı uşaqlar, xroniki xəstəliyi olanlar və əsasən səhiyyə işçiləri üçün tövsiyə edilir. Çünki bu qruplar qrip virusuna yoluxduqda daha ciddi fəsadlarla üzləşmə ehtimalı yüksəkdir.
Mütəxəssislər də əhalini vaksinasiyaya qatılmağa çağırır, çünki peyvənd olunmaqla infeksiyanın yayılma riski əhəmiyyətli dərəcədə azala bilər. Peyvənd olmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə uşaq və böyüklərə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, qrip əleyhinə peyvəndləmə könüllülük əsasında aparılır.