Azərbaycan və Ermənistan deputatları arasında görüş keçirilib. Görüş ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində baş tutub.
Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qutb.az-ın məlumatına görə, görüşdə Milli Məclisin 4 deputatı iştirak edib.
Onlar Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvlər Azay Quliyev, Pərvin Kərimzadə, Gülşən Paşayevadır.
Ermənistan nümayəndə heyətinə isə “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan rəhbərlik edib.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.