NATO-mun bu missiyası Ukraynaya göndərilə bilər
Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə "Tramp marşrutu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə etdiklərini bildirib.
Baş nazir ümumiyyətlə hesab edir ki, layihənin həyata keçirilməsində heç bir maneə yoxdur.
Məsələ ilə əlaqədar Qutb.az-a danışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Zəngəzur dəhlizinin detallarının müzakirə olunması çox gözəl xəbərdir:
“Zəngəzur dəhlizi məsələsinin irəliləməsi bizim maraqlarımıza uyğundur. Qaz kəmərinin olması da çox gözəl hadisədir. Çünki məlum olduğu kimi Naxçıvanın qazla təmin olunması illərlə bizim üçün böyük problem olub. Qaz kəmərini İran, Qars üzərindən dolayı yolla naxçıvana gətirdilər. Amma bu kəmərlərin mümkün qədər şaxələnməsi yaxşı hal olardı. Texniki baxımdan bu çox müsbət hadisədir”.
Sabiq diplomat vurğulayıb ki, Azərbaycan Ermənistanı enerji daşıyıcıları ilə özünə bağlamalıdır:
“Son aylarda bir xəbər çıxmışdı ki, Ermənistan türkmən qazının İran üzərindən alınması məsələlərini müzakirə edir. Bu, əvvəla rəqabət baxımından, eləcə də Ermənistana strateji münasibətlərimiz baxımından yaxşı xəbər olmamışdı. Azərbaycan tərəfi Ermənistanı enerji daşıyıcları ilə özünə bağlamalıdır. Bu da onun strateji maraqlarına uyğun gəlir. Əlbəttə ki, Ermənistana elektrik və qaz sata bilərik. Mən arzu edərdim ki, sataq”.