"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın adı komandanın Asiya Çempionlar Liqasının 1/16 finalı çərçivəsində “Navbahor” (Özbəkistan) ilə matç üçün iştirak ərizəsinə salınmayıb.
Publika.az xəbər verir ki, bu qərarın səbəbi barədə rəsmi məlumat verilmir. Lakin bunun futbolçu ilə baş məşqçi Marselo Qalyardo arasında son vaxtlar baş vermiş münaqişə ilə bağlı ola biləcəyi iddia edilir. Onlar arasında qarşıdurmanın davam edəcəyi gözlənilir.
Gərginliyə səbəb kimi məşq zamanı Qalyardonun Benzemadan fərdi məşq etməyi tələb etməsi göstərilib. Futbolçu qərardan qəzəblənib və məşqi tərk edib.
Mənbənin sözlərinə görə, baş məşqçinin Kərimdən üzrxahlıq gözlədiyi iddia edilir. Üstəlik, məşqçi fransızın fiziki formasından da razı deyil. Bununla bağlı "qayıdışı yalnız ondan və fiziki vəziyyətindən asılıdır", - deyə argentinalı mütəxəssis bildirib.
Qeyd edək ki, yanvar ayında Benzema "Əl-İttihad"dan ayrılmağa yaxın idi. Futbolçu hətta 1 aydan artıq müddətə klubun düşərgəsini icazəsiz tərk etmişdi.
Heybət