FİFA Özbəkistanın “Bunyodkor” klubuna xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, qurum yerli futbol federasiyasına bu barədə məktub göndərib. Qərara əsasən, klub 30 gün ərzində braziliyalılar - Rivaldo və Denilsona 9,2 milyon avro məbləğində borcu ödəməlidir. Bundan əlavə kluba əlavə cərimələr və prosesin ödənişləri üzrə qəbzlər göndərilib. 1 ay ərzində ödənişlər edilməsə, kluba qarşı ciddi addımlar atılacaq.
“Bunyodkor” prezidenti Murad Əliyev FİFA-nın qərarına münasibət bildirib:
“Rivaldonun vəkilləri ilə danışıqlar aparırıq. Bu məsələyə aydınlıq gətirəcəyik. Bəli, FİFA-nın qərarı var, biz bundan xəbərdarıq. Biz yumşaldılmaya nail olmaq və kluba zərər dəyməməsi üçün razılığa gəlməyə çalışacağıq. O zaman vəziyyətin necə olduğunu öyrənmək üçün "Zeromaks" rəhbərliyi ilə də əlaqə saxlanılıb.
Həmin vaxt müqavilə “Bunyodkor”la deyil, sözügedən şirkət ilə imzalanıb. Amma “Bunyodkor”la əlavə razılaşma olub. Rivaldonun vəkilləri bu məqamı əsas tutublar. Bu borcun ödənilməsi məsələsini klub rəhbərliyi - “Özbəkneftqaz” dövlət şirkəti həll edəcək”, - deyə Əliyev bildirib.
Braziliya millisinin əfsanəvi futbolçusu Rivaldo 2008-ci ildə Özbəkistan klubu ilə 1 illik müqavilə imzalasa da, sonra müqaviləni 2011-ci ilə qədər uzadıb. 2009-cu ilin yayından ona maaş vermək dayandırılıb. Bundan sonra o, müqaviləyə xitam verib. 2010-cu ilin iyulunda məhkəməyə müraciət edib. Futbolçu itkisini 16 milyon avro qiymətləndirib.
Heybət