Sena çayında ilk olimpiya yarışlarının başlamasına cəmi ay yarım vaxt qalsa da, lakin təhlillərin nəticələri Parisdəki su hövzəsinin hələ də çox çirkli olduğunu göstərir.
Publika.az xəbər verir ki, Yay Olimpiya Oyunları öncəsi dərc edilən test nəticələri, Sena çayının triatlon və açıq suda üzgüçülük yarışlarının keçirilməsinə icazə vermək üçün meyarlara cavab vermədiyini müəyyən edib.
“Bu günə qədər Senadan götürülmüş nümunələr bu yay əldə edəcəyimiz standartlara cavab vermir. Əlverişsiz hidroloji və meteoroloji şərait nəticəsində suyun keyfiyyəti pisləşməkdə davam edir: yağış, güclü axınlar, az günəş, mövsümi normadan aşağı temperatur. Suyun keyfiyyətinə uyğun olmayan yüksək çay axını çox rütubətli havanın nəticəsidir” – deyə “RMC Sport”a yerli hakimiyyət orqanlarından bildirilib.
Senada açılış mərasimi, həmçinin triatlon, marafon üzgüçülük və paratriatlon yarışları keçiriləcək. Güclü yağışlar zamanı təmizlənməmiş su – yağış suları ilə çirkab sularının qarışığı çaya düşə bilər. Ehtiyat planı yarışın bir neçə gün təxirə salınmasını, lakin keçirilmə yerini dəyişdirmədən nəzərdə tutur.