Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.
Bu barədə Qutb.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamik inkişafından məmnunluq ifadə olunub.
Bakıda Türk Anadolu Liseyinin yeni korpusunun istifadəyə verilməsi iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilib. Eyni zamanda növbəti tədris ilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı qeyd edilib.
Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdam şəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.