Məlum olduğu kimi, aprelin 2-də AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Həmin tədbirdə quruma qarşıdakı 4 il ərzində rəhbərlik edəcək şəxsin adı müəyyənləşəcək.
Prosedura görə bu postu tutmaq istəyən şəxslər namizədliklərini seçki gününə 10 gün qalana qədər təsdiqləməlidirlər. Bununla bağlı federasiyaya sənədlərini təqdim etməlidirlər. Bu o deməkdir ki, bu prosesin başa çatmasına sayılı günlər var.
Maraqlıdır ki, Novruz bayramı ilə əlaqədar olaraq sabah ölkədə son iş günüdür. Sənədləri təqdim etmək üçün son gün isə martın 22-sidir.
Məsələ ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Publika.az-a açıqlamasında bayram günlərinin iş proseduruna təsir etməyəcəyini bildirib:
"Qaydalara görə, namizdələr sənədlərini seçkiyə 10 günə qalmışa kimi təqdim edə bilərlər. Həmin tarixlər adi təqvim günü kimi götürülür. Qeyri-iş və ya bayram günü hesab olunmur. Namizədə gəlincə, hələki sənədlərini təqdim edən yoxdur. Yəqin ki, son tarixə kimi namizədliyini verən şəxs olacaq".
Nəinki futbol ictimaiyyətinin, idman nümayəndələrinin, azarkeşlərin də maraqla izlədiyi seçki prosesində qeyri-müəyyənlik davam edir. Ancaq görünən odur ki, hələ AFFA prezidenti olmaq istəyən yoxdur.
Biz daha əvvəl federasiyanın əsas sponsoru olan SOCAR-ın prezidenti Rövşən Nəcəfin namizədliyini irəli sürəcəyi barədə məlumat vermişdik. Bəzi mənbələr bu post uğrunda mübarizə aparan başqa bir şəxsin olduğu barədə məlumat yaysalar da, ortada hələ heç bir hərəkətlilik yoxdur.
Heybət Məmmədov