Dekabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) Milli Müdafiə Universiteti ilə birgə Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ingilis dili imtahanı keçirəcək.
Bu barədə Qutb.az-a DİM-dən məlumat verilib. İmtahanda iştirak etmək istəyən hərbi qulluqçular DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (“Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır və müvafiq məbləğ hesaba daxil edilir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün 14 noyabr saat 18:00-dan 27 noyabr saat 12:00-dək DİM-in internet saytında “Test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı imtahana bir neçə gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.
İmtahanda iştirakçılara ingilis dili üzrə 20 test tapşırığı və 1 esse tipli yazılı tapşırıq təqdim olunacaq.