“Barselona”nın sabiq hücumçusu Luis Suares 2014-cü ildə o vaxtlar formasını geyindiyi “Liverpul”dan Kataloniya klubuna deyil, “Real”a keçə biləcəyini deyib.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“2014-cü il dünya çempionatından əvvəl “Real Madrid” məni transfer etmək istəyirdi və hər şey yaxşı gedirdi. Benzemanı “Arsenal”a satmağı düşünürdülər, bunun üçün hər şey hazırlanmışdı.
Ancaq dünya çempionatı başlayanda “Barselona” yarışa girdi və açıq-aydın mən Kataloniya klubuna üstünlük verdim. Dişləmə ilə bağlı vəziyyətə görə “Real Madrid”in marağı azaldı, “Barsa” isə əksinə, daha çox maraq göstərdi (Uruqvay millisinin İtaliya ilə oyunu zamanı Suares italyan müdafiəçi Corco Kellinini çiynindən dişlədi və buna görə dörd ay diskvalifikasiya aldı – red.). Sonda qarşımda iki seçim qaldı və mən “Barselona”nı seçdim, çünki bu klubda oynamaq mənim arzum idi”, – deyə “Suares bildirib.
Xatırladaq ki, Suares 2014-2020-ci illərdə Kataloniya klubunda çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 283 matçda iştirak edib, 195 qol vurub, 113 məhsuldar ötürmə edib.