Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə QÜTB.AZ-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
***
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə QÜTB.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
xxx
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə QÜTB.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
xxx
15:58
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
xxx
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.
QÜTB.AZ xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.
O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.
***
Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.
Bu barədə QÜTB.AZ-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.
***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.
Bu barədə QÜTB.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
***
Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.
QÜTB.AZ xəbər verir ki, yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.
İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.
Əlavə məlumat veriləcək.