Gürcüstan Prezidenti Salome Zurabişvili amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin yaradıcısı İlon Maskı ölkəyə səfərə dəvət edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə o, Parisdə sahibkarla görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Mən onun ölkəmizdə qarşılanmasını səbirsizliklə gözləyirəm”, - Zurabişvili qeyd edib.
Prezident vurğulayıb ki, o, Mask ilə Gürcüstandakı vəziyyətlə bağlı “əla” fikir mübadiləsi aparıb.
Hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində etiraz aksiyaları keçirilir. Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib. O, həmçinin Avropa Parlamentini Gürcüstana qarşı “illər boyu təhqirlərinə” görə tənqid edib.
Hüseyn İbadlı