Tərtər rayon D.Əzizov adına Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev işdən çıxarılıb.
Publika.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, onun işdən çıxarılması sözügedən məktəbdə yeyinti faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda başlanmış cinayət işi əlaqədardır.
İddialara görə, R.Ağayev direktor vəzifəsindən azad edilməklə yanaşı onun müəllimlik fəaliyyətinə də xitam verilib.
Bir neçə ay əvvəl Baş Prokurorluq təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işinin başlandığı barədə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən olunub.
Fakta görə Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.