Yaya qədər arıqlamaq istəyirsinizsə, artıq çəkilərdən tədricən qurtulmalısınız və heç bir halda ac qalmamalısınız.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Natalya Denisova "Aif.ru"ya danışıb.
Düzgün arıqlamağın sirlərini bölüşən ekspert qeyd edib ki, bəzi insanları daha çox yeməyə sövq edən keçirdiyi stresslərdir.
"Əsəb gərginliyindən yaranan yemək istəyi ilə əsl aclıq hissini qarışdıran insanlar üçün əlavə çəkidən xilas olmaq daha çətindir. Əgər həqiqətən ac olduğunuzdan əmin deyilsinizsə, vaxtınızı başqa məşğuliyyətlərə ayırmağa və beş-on dəqiqə diqqətinizi yayındırmağa çalışın. Yarım stəkan su için, musiqi dinləyin, xəbərləri oxuyun. Bütün bunlar sizə yeməyi unutdura bildi? Əgər cavab "hə"dirsə, yeməyi sonraya təxirə sala bilərsiniz. Əsl aclığı belə asanlıqla yatırmaq olmaz. İstədiyiniz çəkiyə tədricən getməlisiniz, ac qala bilməzsiniz", - diyetoloq izah edib.
Ekspert yanlız yemək saatlarında - 10-12 saat ərzində yeməyi tövsiyə edib. Eyni zamanda, yalnız insan həqiqətən aclıq hiss etdikdə yemək lazımdır, lakin yemək aralarında 4-6 saatdan çox fasilələrə yol verməmək məsləhətdir.
Bundan əlavə, o, qabların ölçüsünə nəzarət etməyi məsləhət görüb: bir porsiya iki ovcunuz qədər olmalıdır. Hər yeməkdə proteinli qidanın olmasını təmin etmək də vacibdir. Səhər yeməyində protein yumurta, kompleks karbohidratlarla, məsələn, taxıl və ya tam taxıl çörəyi ilə ödənilməlidir, çünki onlar uzun müddət toxluq hissi verir.
O, həmçinin meyvə, qoz-fındıq, süd məhsulları və ya taxıl çörəyi kimi sağlam qəlyanaltılardan imtina etməməyi tövsiyə edib. Denisovanın sözlərinə görə, onlar axşam yeməyində həddindən artıq yemək istəyinin qarşısını almağa kömək edəcəklər, bu da yatmazdan iki-üç saat əvvəl olmalıdır. Mütəxəss izah edib ki, axşam yeməyi üçün balıq, yağsız ət, tərəvəz və az yağlı süd məhsulları daha uyğundur.
"Qadağan olunmuş qidaların siyahısını tutmayın. Bəzən bir dilim tort, dondurma və ya kolbasa sendviçi ilə özünüzü mükafatlandıra bilərsiniz. Həmçinin həftədə bir neçə dəfə idman etmək lazımdır. Gəzin, qaçın və mümkünsə liftdən istifadə etməyin", - diyetoloq yekunda vurğulayıb.
Aytən