Böyük Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə indi böyük bərpa və quruculuq işləri aparılır.
Bu məqsədilə müasir şəhərsalmanın tələblərinə uyğun müxtəlif işlər görülür. Onların ümumi tutumuna yeni bağların və küçələrin salınması, mədəniyyət obyektlərinin, o cümlədən yeni abidələrin ucaldılması daxildir.
Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev yazıb.
Sənətşünasın qənaətincə, qarşıdan gələn fevral ayında belə heykəllərdən birini azadlığa qovuşmuş Xocalıda ucalmaq olar:
“Bunun üçün bir çox hallarda olduğu kimi heç bir müsabiqə keçirməyə də ehtiyac yoxdur. Belə ki, tanınmış heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun Xocalı faciəsinə həsr olunmuş iki abidə-layihəsi mövcuddur. Hər iki əsər Xocalıya həsr olunmuş sərgi-müsabiqəsində mükafata layiq görülmüşdür. Bu kompozisiyalarda faciə özünün cəlbedici, yaddaqalan rəmzi-fəlsəfi həllini tapmışdır”.
Ziyadxan Əliyev əlavə edib ki, X.Əhmədov bu mövzuya dərindən bələd olan sənətkalarımızdandır.
“Faciənin birinci ildönümündə onun Xocalı faciəsinə həsr olunmuş fərdi sərgi keçirməsi də dediklərimizi təsdiqləyir. Odur ki, gəlin bu səsvermə-təqdimatla həm də bu işi görəcək əlaqədar təşkilatlara səslənək: Xocalı abidə həsrətindədir!!! Deməyi bizdən, həyata keçirmək də Sizdən!”, - sənətşünas əlavə edib.
Tural