Türkiyədə süni intellektdən istifadə etməklə çoxsəviyyəli "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi yaradılacaq.
QÜTB.AZ Haber Global-a istinadla xəbər verir ki, bu məsələ ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında müzakirə edilib.
Bildirilib ki, "Dəmir Günbəz" layihəsi hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və onun vasitəsilə real vaxt rejimində qərar qəbul etmək üçün məlumatların ötürülməsini nəzərdə tutur.
İclasda həmçinin, Silahlı Qüvvələr üçün milli qırıcı KAAN, Bayraktar TB3, Akıncı və Aksunqur PUA-ları, kamikadze və mini dronlar, elektron döyüş sistemləri, müxtəlif dərəcəli PUA-lardan qorunma layihələri nəzərdən keçirilib. Bundan başqa, zirehli texnikanın, döyüş təyyarələrinin daxili imkanlar nəzərə alınmaqla modernləşdirilməsi, komanda, idarəetmə və rabitə sistemlərinin satın alınması layihələri nəzərdən keçirilib.
Qeyd edək ki, İsrail də "Dəmir Günbəz" adı altında hava hücumundan müdafiə sistemi istehsal edir.