08.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Tolstoyevskilər aqoniyadadır

08 iyl 2025 16:00
GÜNDƏM
ads
Advertisement

“İnkişafda olan uşaq beynində assosiativ zonaların tam vəchlə fəaliyyəti üçün ana dilinin istifadəsi ən ümdə faktordur. Ana dili körpə qulaqları üçün yalnız səs deyil... Ana dili həm də ana sifətində əks olunan emosiya və sevgidir. Körpə qulaqları və gözləri ilə duyulan ana dili, uşağın formalaşmaqda olan beyninə sinergik təsir edərək, intellekt kimi mürəkkəb bir neyrobioloji prosesə kovalent impuls verir. Dil yalnız ünsiyyət vasitəsi deyil, dil həm də düşüncə alətidir. Sadalanan hər iki psixoneyronal akt həmahəng intensiyalardır və təcillərini ana qucağından alırlar”...

Bu cümlələr tanınmış alim, patoloq, tibb elmləri doktoru, Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Patoloji anatomiya kafedrasının professoru, dostum Yusif Osmanova (Юсиф Османов) aiddir. Qeydlərimi professorun sözləri ilə ona görə başladım ki, görüm özünü “elita” sayan neçə nəfər bu cümlələri anlayacaq…

Beləliklə, bir müddətdir ortaya çox da inandırıcı olmayan proqnozlar atırlar. Guya ailələr artıq təhlükəni görür və balalarını yavaş-yavaş Azərbaycan bölmələrinə keçirməyə başlayırlar. İnanmırdım bu təxminlərə, çünki bu, proqnozdan çox vətənpərvər insanların görmək istədikləri tablo idi. Yəni belə bir tendensiya olsa da, bu hələ ki kütləvi hal almayəb. Hələ ki...

Aşağıdakı statistik bilgilər real vəziyyətin dəhşətli mənzərəsini qoyur ortaya...

Dostum, Hədəf Şirkətlər qrupunun qurucu direktor Şəmil Sadıqov keçənlərdə məni bir statusuna etiketlədi. Baxanda içim yandı. "Stokholm sindromuna düçar olmuşlar", "Tolstoyevskilər", "Manqurtlar", "5-ci kolonun maşaları" adlandırdığım qaragüruhun vurdumduymazlığı, biganəliyi insanı necə çilədən çıxarmasın… Bakı-Qroznı təyyarəsinin vurulması və onlarla insanın ölümü, Yekatirenburq faciəsi və diaspor rəhbərlərinə tutulan divan… Bunlar Gülüstan və Türkmənçay müqaviləsinin, 28 aprel 1920-ci il bolşevik işğalının, 1936-1938-ci illər repressiyaları və xalqımızın milli-mənəvi sərvətlərinə, mədəniyyətinə vurulan ağır zərbələrin, 20 yanvar faciəsinin, 1-ci və 2-ci Qarabağ müharibələrinin məntiqi davamı deyilmi?

Rus İmperiyası daha nə etməlidir ki, biz bunu nəhayət ki, anlayaq? Daha nə zamana qədər “əttökən” bəhanələrlə – “Biz Rusiyanı sevmirik, sadəcə uşaqlarımız rusca oxuyub irəli getsinlər” kimi əsassız cümlələrlə vaxtımızı alacaq, millət olma yolunda yolumuzu kəsəcəksiniz? Bu mövqesizliyiniz, “təcavüz edənə aşıq olmağınız” bizim gələcək daha böyük bədbəxliklərimizin xəbərçisidir.

Lakin rus dilinin ekspansiyası sona çatmaq üzrədir. Baxmayaraq ki, bu yazıdakı rəqəmlər belə Tolstoyevskilərin hələ də qəflət içində yatdıqlarının, “gönüqalınlığının” bariz göstəricisidir. Bilərək və ya bilməyərək özlərini və övladlarını "5-ci kolon"un potensial nümayəndələrinə çevirən bu durumu bizim “təhsil başbilənləri” indi necə izah edəcəklər, görəsən.

Şəmil bəy paylaşımında bərabər çalışdığı Şakir Huseyn müəllimin hesablamalarına yer verib. Gözəl də bir ad tapıblar buna: “Güzəşt tablosu”. Baxın, ancaq ürəyiniz sızlayacaq. Görün biz dövlət dilində təhsil alan balalarımıza qarşı necə ədalətsizik…

2023–2024-cü tədris ili nəticəsində bəzi ixtisasların Azərbaycan və rus bölmələri üçün formalaşmış keçid balları qeyd olunmuşdur:

Bakı Dövlət Universiteti (BDU):

Riyaziyyat müəllimliyi:
Azərbaycan bölməsi: 544
Rus bölməsi: 282

İqtisadiyyat:
Azərbaycan bölməsi: 393
Rus bölməsi: 200

Hüquq:
Azərbaycan bölməsi: 612
Rus bölməsi: 603

Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU/UNEC):

Maliyyə:
Azərbaycan bölməsi: 527
Rus bölməsi: 364

Azərbaycan Dövlət İdarəçilik Akademiyası (ADİA):

Hüquq:
Azərbaycan bölməsi: 659
Rus bölməsi: 601

Azərbaycan Tibb Universiteti (ATU):

Tibb:
Azərbaycan bölməsi: 605
Rus bölməsi: 534

Elm və təhsil nazirinə daha konkret bir sual ünvanlamaq istəyirəm:

Nə üçün rus bölməsinin məzunları Azərbaycan bölmələrinin məzunlarından iki dəfə (!) az bal toplayaraq universitetlərə qəbul olmalıdırlar?

400, 500, 600 balları toplamaq asan şey deyil axı. Ana dilini seçən o balların arxasında böyük zəhmətlər, yuxusuz gecələr, ata-anaların titanik əziyyətləri, fədakarlıqları var axı!

Nə üçün rus bölməsinin uşaqları 200, 300 balla tələbə olsunlar?

Siz bu 200 ballı alayarımçıq, Ana dilində bir kəlmə elmi, ədəbi cümlə qura bilməyən nəsil kimin üçün və nə üçün hazırlayırsız?

Niyə anlamırsız ki, bu uşaqlar İmperiyanın təəssübkeşləri olacaq, bizim milli mənafeyimizə xidmət etməyəcəklər.

Yüzüncü, mininci, milyonuncu dəfədir yazıram:

–Biz rus, ərəb, ingilis, fransız kimi xarici dillərə qarşı deyilik;

–Biz Azərbaycan vətəndaşlarının Ana dilində təhsil almasını istəyirik;

–7-ci sinif Ana dilində təhsildən sonra imtahan verib xarici dildə oxuya bilərlər;

–İngilis, fransız məktəbləri kimi rusca təhsil də pullu olmalıdır…

Hər gün göbələk kimi qarşıma çıxan “Uşağımızın xarici dil bilməsinin nəyi pisdir” sualının əlində FB-da şərhləri oxumaq olmur. Güc tapıb yenə cavab verəcəm bu suala:

Xarici dil bilməsi təbii ki, pis bir şey deyil, hətta təqdir ediləsidir. Ancaq o uşaq öncə Ana dilində oxumalı, Ana dilində yazmağa başlamalı, Ana dilində “İki üstəgəl üç bərabərdir beş” deməlidir, deməlidir ki, beyni gələcəkdəki yeni biliklər üçün bu dilə ehtiyac hiss etsin, bu dilə bağlansın, dilə bağlanıb Vətəninə bağlansın. “Два плюс три равно пяти” sonranın işidir, bu rus dili deyil ki, texniki rus dilidir.

Övladınız ibtidai sinifdən Ana dilinə alışsa onun heç də ikinci dərəcəli, geridə qalmış bir dil olmadığını anlayacaq, inkişaf edən texnoloji dünyamıza girən yeni sözləri, yeni terminləri Ana dillərinə uyğunlaşdıracaq və bununla da onu inkişaf etdirəcək…

İncələdiyiniz rəqəmlər artıq bu duruma “yox” demənin zamanının gəldiyini deyir.

Çünki bizim Tolstoyevskilər məntiqli düşünmür, ortaya rasional fikir qoya bilmirlər. Əzbərlədikləri bir şey var, hər fürsətdə rus sektorunu bitirən uşaqların daha intellektli olduğunu dilə gətirirlər. Məsələ ilə bağlı Şakir müəllim belə yazır:

“…tez-tez deyilən bir söz var ki, rus bölməsini bitirənlər daha intelektual olur. Keçid balları bunun təkzib edir. Ümumiyyətlə intelektin bölməyə aidiyatı olmadığını göstərir. Hər iki bölməni bitirənlər bizim ölkənin gəncləridir, bu günüdür, gələcəyidir. Təəssüf ki, çoxluq daha yaxşı imkanlar əldə etsin deyə övladın rus siyasi ideologiyasının bir nömrəli aləti olan Rus dilli məktəblərə qoyur. Onlarıda qınaq olmur. Bu məsələ yuxarılardan həll edilməsə, aşağılardan çətin ki, həll edilsin”...

Dəfələrlə sosial şəbəkələrdən ünvanladığım sualı yenə təkrarlamağa əşhədü ehtiyac hiss edirəm:

“Russkiy sektor”dan Beynəlxalq Olimpiadalarda fizika, riyaziyyat, kimya, informatika üzrə medal qazanmış neçə nəfərin adını çəkə bilərsiz?

Görürsüzmü, Ana dilində təhsil alan neçə-neçə gözəl-göyçək balamız müxtəlif Olimpiadalarda necə böyük uğurlar qazanır, Harvard, MIT, Stanford kimi dünyanın ən nüfuzlu universitetlərinə qəbul olurlar.

Bəs hanı sizin anlı-şanlı rus dilində oxuyanlarınız?..

Dostlarımdan götürdüyüm başqa bir statistikanı paylaşmaq istəyirəm:

Dövlət İmtahan Mərkəzinin açıqlamasına əsasən, ali məktəblərə sənəd verən abituriyentlərin sayı:

2021-ci il:

Azərbaycan bölməsi: 64 920 nəfər
Rus bölməsi: 6 258 nəfər

2025-ci il:

Azərbaycan bölməsi: 82 543 nəfər
Rus bölməsi: 9 355 nəfər

Artım faizi:

Azərbaycan bölməsi: +27%
Rus bölməsi: +49%

Ümumi təhsildə (1-11-ci siniflər) rus bölməsində oxuyan şagirdlərin sayı:

2020/2021-ci il: 150 100 nəfər (ümumi şagirdlərin 9.1%-i)

2024/2025-ci il: 157 900 nəfər (təxminən 9.4%)

Bu ilin sentyabrını gösləyək.

Görəcəksiniz, artıq buz yarıldı.

Bu əsassız tendensiya qırıldı, trend enişə keçdi.

Onlar arıq aqoniyadadır, son nəfəslərini verirlər…

Yeni nəsil elm və irfanı ilə Ana dilimizi göylərə çıxaracaq,

ölkənin milli köklərə dayanan yeni iqtisadi-mədəni elitasını yaradacaq…

Və bir gün bütün iş elanlarında böyük hərflə bu cümlə yazılacaq:

“Ana dilini bilməyənlər müraciət etməsinlər!”.

O zaman mənim “Balalarını rusca oxudanlar peşman olacaqlar” statusumu xatırlayacaqsınız!

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur