Beynəlxalq Muğam Mərkəzi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş "Novruz" adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
"Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam" İB-nin sədri, Əməkdar artist, Nuriyyə Hüseynova, "Sara Xatun Mədəni Maarifçilik" İB-nin sədri Pərvanə Abbasova, “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərova çıxış ediblər. Onlar tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik ediblər. Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən, son illərdə daha da coşqulu qeyd olunmasından bəhs ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə Ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub. Onlar şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından danışıblar, şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzu ediblər. Daha sonra musiqi proqramı ilə tədbir davam edib. Konsert proqramında Çilənay Huseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bülbül adına məktəbin tələbələri "Zəfər" kompozisiyası, Milli Konservatoriyanın muğam sinfi - Nuriyyə Hüseynovanın tələbələri, Ramal İsrafilov, Nisbət Sədrayeva və Nuriyyə Hüseynova ifa ediblər.