Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə bağlı son çıxışlarını yüksək qiymətləndirib.
QÜTB.AZ xəbər verir ki, Saakaşvili öz “Facebook” səhifəsində yayımladığı açıqlamada İlham Əliyevin cəsarətli mövqeyini və liderlik keyfiyyətlərini vurğulayıb.
Saakaşvili bildirib ki, həbsxana şəraitində olduğu üçün Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verməkdə gecikib.
“Qəza nəticəsində həlak olanların ailələrinin kədərini bölüşürəm və yaralananlara tezliklə sağalmağı arzu edirəm,” - deyə o qeyd edib.
Sabiq prezident əlavə edib: “İlham Əliyevin prinsipiallığına, yüksək ləyaqətinə və öz xalqının əsl lideri kimi davrandığına heyranam. O, həqiqəti açıq şəkildə ifadə edərək Rusiya tərəfinin ikiüzlülüyünü və barbarlığını ifşa etdi”.
Saakaşvilinin bu açıqlaması sosial mediada geniş rezonans doğurub və bir çox istifadəçi tərəfindən müsbət qarşılanıb. Onun İlham Əliyevin cəsarətli çıxışını tərifləməsi Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə də təsir edə biləcək bir jest kimi dəyərləndirilir.