Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub. Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələrinə, Monqolustan və Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək. Bildirilir ki, qadağa təklifi baş nazirin müavini Aleksandr Novakdan gəlib.
Fevralın 21-də baş nazirə göndərdiyi məktubda o, yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını vurğulayıb. Bildirib ki, neft məhsullarına olan tələbatı tarazlamaq üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır.
Rusiya əvvəllər də yanacaq ixracına belə qadağalar qoyubmu? Bu qadağaların tətbiqi üçün irəli sürülən əsaslar həqiqəti əks etdirir, yoxsa pərdəarxası məqamlar var? İqtisadiyyatı sanksiya altında olan, ixracı məhdudlaşdırılan bir ölkənin yanacaq ixracını da özünün məhdudlaşması, gəlirdən məhrum olması real olaraq hansı səbəblərlə izah oluna bilər? Bu qadağalar Azərbaycana da hansısa formada təsir edəcəkmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, rəsmi Moskvanın belə bir addım atması Rusiyanın daxili bazarındakı vəziyyətlə bağlıdır.
Ekspertin sözlərinə görə, hökumət ölkədə qıtlığın olacağını öncədən bilib: “Rusiyanın bu addımı iqtisadiyyatın əvvəlki dövrlərə nisbətən qənaətbəxş olmaması ilə əlaqədardır. Düzdür, ölkədə yanacaq qıtlığı hazırda hiss olunmur, amma vəziyyət əvvəllər olduğu kimi deyil. Ona görə də hökumət belə bir addım atıb. Bu ilin yanvar, fevral aylarında Ukrayna Rusiyanın beş neftayırma zavoduna ardıcıl zərbələr vurub. Nəticədə Rusiyanın istehsal qurğuları sıradan çıxıb və bərpası hələ də baş tutmayıb. Rusiyanın hərbi əməliyyatlarının davam etdirilməsində benzinin rolunu, yanacağa olan tələbatı nəzərə alsaq, belə bir hal kifayət qədər hökuməti narahat edir, müəyyən gərginlik yaşadır”.
İ.Şaban Rusiyanın yanacaq ixracına tətbiq etdiyi qadağanın Azərbaycana təsirinin olub-olmmamasına da aydınlıq gətirib. Qeyd edib ki, 2023-cü ilin rəsmi statistikasına görə, il ərzində Azərbaycana 86 min ton 95 markalı, 2 min tondan çox isə 98 markalı benzin idxal olunub: “Ötən il Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi həcmi 88 min tondan artıqdır. Keçən il ölkədə idxal olunan yanacağın həcmi 2022-ci illə müqayisədə 13,5 faiz azdır. Bu proses son bir neçə ildir ki, davamlı olaraq baş verir. Azərbaycanın yüksək oktanlı benzin idxalı rekordu vaxtilə 98 min ton olub. Hazırda Rusiyadan ölkəmizə gətirilən yüksək oktanlı benzinin ümumi idxal həcmindəki çəkisi cəmi 47 faizdir. Azərbaycan 95 markalı benzin idxalını bir çox ölkələrdən həyata keçirir. Bu ölkələr sırasında Belarus, Rumıniya, Yunanıstan, hətta Gürcüstan da var. Düzdür, Gürcüstan özü benzin istehsal etmir. Lakin, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələri orada topdan alış həyata keçirir. Azərbaycan da açıq bazar prinsipi ilə buradan yüksək oktanlı benzin alır. Biz hətta Bolqarıstandan da kiçik həcmdə yüksək oktanlı benzin idxal etmişik. Ona görə də, Azərbaycanda yanacaqla bağlı hansısa problem gözlənilmir. Ən əsası da ona görə ki, ölkəmiz bu ilin sentyabrına qədər yüksək oktanlı benzinin istehsalını özü həyata keçirəcək. Düşünürəm ki, bu sahədə tədbirli olmağımız bizə daxili bazarda hər hansı problem yaratmayacaq”.