29.04.24 | Bakı 15.03° C |
08:04:21
Lent :

Qədr gecəsi “Qurani-Kərim”i başa qoymaq

14:00 29.03.2024
GÜNDƏM
ads

Ramazan ayının 18-ci günü, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi (əhya) oldu. Ramazan ayının ikinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qədr gecəsi Allahın kitabı “Qurani-Kərim”in nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Ramazan ayında oruc tutanlar Qədr gecələrini səhərə qədər oyaq qalırlar. Onlardan bəzisi ətrafına topladığı insanlarla səhərə qədər söhbət etməklə, televizora baxmaqla, yaxud məsciddə və ya evdə başına “Qurani-Kərim” qoymaqla Qədr gecəsini keçirirlər.

Maraqlıdır, bu, nə dərəcədə düzgündür? İslam, müqəddəs kitab oruc tutanlardan bunu istəyir, tələb edirmi?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, Ramazan ilahi bir mövsümdür.

Onun sözlərinə görə, Qədr gecəsi bu ilahi mövsümün zirvəsi, kulminasiya nöqtəsidir: “Qədr gecəsi adlanan gecə əsas qəbul edilmiş görüşə görə, son on gecə içərisindədir. Əlbəttə ki, Qədr gecəsi vaxtı bilinən və bununla mahiyyəti adiləşən gecə deyildir. Ümumiyyətlə, Qədr gecəsi son 10 gecəni ibadət, dua, namaz və zikrlə keçirməyin adıdır. Bu gecənin vaxtı dəqiq bilinmir. Əgər Qədr gecəsinin vaxtı bilinsə idi, o, simvolik, mistik bir gecəyə çevrilərdi. Həqiqi məzmunundan uzaqlaşırdı və insan üzərində tərbiyə edici heç bir təsiri qalmazdı. Bəlkə də son on günün hər bir gecəsini Qədr gecəsi bilərək ibadət edək deyə, Allah bu gecəni bizdən gizli tutmuşdur. Bir daha deyirik ki, əks halda bu gecədə edilən ibadət simvolik, mistik bir ayinə çevrilərdi və həqiqi məzmundan uzaqlaşırdı”.

İlahiyyatçı-alim deyib ki, biz son on gecənin hər birini Qədr gecəsi bilərək ibadətlə keçirməliyik: “Bu müddət ərzində yatmamalıyıq, namaz qılmalıyıq, “Qurani-Kərim” oxumalıyıq, dualar etməliyik, Allahı xatırlamalıyıq. Belə olduqda biz, Ramazandan qalan son 10 günü də layiqincə keçirmiş hesab olacağıq. Çünki, Ramazan 30 günlük ibadət mövsümüdür. Zaman keçdikcə ibadət adiləşir. Allah da istəyir ki, biz, Ramazanı adiləşmiş Ramazan kimi deyil, sanki ilk gündə başlayan Ramazan kimi başa vuraq. Bu baxımdan Allah Qədr gecəsini gizli tutmuşdur”.

E.Məmmədov söyləyib ki, Qədr gecəsində “Qurani-Kərim”in başa qoyulması və bu formada duaların edilməsi nə müqəddəs kitabda göstərilib, nə də peyğəmbərin təcrübəsində öz əksini tapıb: “Bizim peyğəmbərimiz dua edərək bu hərəkətə yol verməyib. Heç bir hədisdə də bu barədə məlumat yoxdur. Üstəlik, peyğəmbərimizin zamanında “Qurani-Kərim” kitab halında çap edilməmişdi. Ona görə də, onun dövründə “Qurani-Kərim”in başa qoyulması mümkün deyildi. Eləcə də onun davamçılarından, yəni, Həzrət Hüseyn, Həzrət Həsən, Həzrət Əli və digərlərindən “Qurani-Kərim”in başa qoyulub dua edilməsinə dair heç bir göstəriş gəlməyib. Eləcə də dua ibadətin bir növüdür. O ibadətin formasını Allah və onun peyğəmbəri müəyyənləşdirir. Biz nə “Qurani-Kərim”də, nə də hədislərdə bu məlumata rast gələ bilərik”.

Fəlsəfə doktoru tarixi kitablara istinad edərək vurğulayıb ki, Kufə hadisələri zamanı Həzrət Əli başına müshəf qoyaraq Allaha yalvarıb: “Həzrət Əli ilə bağlı tarixi kitablarda belə bir rəvayət qeyd olunur ki, o, “Qurani-Kərim”i başına qoymuş və kufəlilərə, öz tərəfdarlarına səslənərək bildirmişdir ki, “Allahım, mən onlardan Quranda olanı istədim, onlar isə, bunu mənə vermədilər”. Bir sözlə Həzrət Əli “Qurani-Kərim”i şahid tutaraq, onlardan şikayətlənib. Bu hadisə Həzrət Əlidə cəmi bir dəfə olub və onu davamlı şəkildə etməyib. Üstəlik, bu xüsusi və situativ bir vəziyyətdir. Həzrət Əli bununla onların diqqətinə çatdırıb ki, mənim istədiklərim “Qurani-Kərim”lə bağlıdır, siz isə, buna mane olursunuz. İndiki dövrdə, bəzən kimsə əlinə “Qurani-Kərim”i götürüb deyir ki, bu, səninlə mənim aramda şahid olsun. Bu, heç də o mənaya gəlmir ki, biz sonradan dua edərkən başımıza “Qurani-Kərim”i qoyaq. Bu hal ona dəlalət edir ki, biz böyük səhabələrin, İslam tarixində mühüm rol oynamış şəxsiyyətlərin hərəkətlərini təhlil etmədən təqlid edirik, araşdırmırıq, öyrənmirik. Bunun nəticəsində də tarixin hansısa mərhələsində müəyyən situasiya ilə əlaqəli müstəsna halı ənənə və ibadət halına gətiririk. Başa “Qurani-Kərim” qoyulub dua edilməsi də situativ bir hərəkətin kortəbii şəkildə ibadətə çevrilməsinin nəticəsidir”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az