"Ermənistan və Azərbaycan təkcə Gürcüstan üçün tərəfdaş deyil, həm də qardaş ölkələrdir".
Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən müzakirələrdən birində deyib.
"Gürcüstanın qonşu ölkələrlə - Ermənistan və Azərbaycanla çox sıx əlaqələri və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostlarımızdır", - Qaribaşvili deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlərin olmasıdır.
"Biz başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Əlavə etməliyəm ki, Ermənistan və Azərbaycan liderlərinin mövqeyini bilirəm, onlar bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəyirlər.
Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçinin, bu qədər maraqlı tərəfin iştirakı ilə proses bəzən daha konfliktli və əks-məhsuldar xarakter alır. Ona görə də onlara uğurlar arzulayıram.
Mən həqiqətən ümid edirəm ki, onlar tezliklə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar", - Gürcüstanın baş naziri bildirib.
Hüseyn İbadlı