İfrat sağçı ekstremistlərin deportasiya planlarına reaksiya verən Almaniya prezidenti Ştaynmayer "Ekstremistlərin bu ideologiyası iqtisadiyyatımız, məşğulluq və rifah üçün zəhərdir. Ölkəmiz üçün təhlükədir" deyib.
Publika.az xəbər verir ki, Ştaynmayer həmkarlar ittifaqı və biznes nümayəndələri ilə görüşdən sonra verdiyi açıqlamada demokratiyanı qoruduğuna və ifrat sağa qarşı durduğuna görə iş dünyasına və həmkarlar ittifaqı nümayəndələrinə təşəkkür edib.
Ştaynmayer qeyd edib ki, cəmiyyətdə narahatlıq və qeyri-müəyyənlik var və ifrat sağçı ekstremistlər cəmiyyətdə bu qorxulardan sui-istifadə edirlər:
“İfrat sağçıların ölkədən xaricə göndərmək istədikləri insanlar supermarket kassalarında işləyir, avtobus və tramvay idarə edir, otel və restoranlarda çalışır, evlər və iqamətgahlar tikir, elmi-tədqiqat müəssisələrində və universitetlərdə peyvəndlər hazırlayır. Onlar olmasaydı, biz nə edərdik?"
2023-cü ilin noyabrında Almaniyanın Potsdam şəhərində ifrat sağçı populist Almaniya üçün Alternativ (AfD) Partiyasının siyasətçiləri və Xristian Demokratik Birlik Partiyasının (CDU) bir neçə üzvünün daxil olduğu toplantıda milyonlarla əcnəbini ölkədən zorla deportasiya etmək planı gizli danışılıb.
Gizli toplantının üstü açıldıqdan sonra ölkədə AfD-nin bağlanması ilə bağlı müzakirələr başlayıb və xalq son zamanlar ifrat sağçılar və AfD-yə qarşı reaksiya vermək üçün küçələrə çıxıb.