13:23
Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlir. Və bu səfərlərin erməni baş nazirin Fransa və Yunanıstana gedişindən sonra baş verməsinin Ermənistanın silahlanlanma işini şaxələndirməsi ilə bağlı olduğu bəllidir.
Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir.
Birincisi, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir: Yunanıstan həm də Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir, misal üçün, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi;
İkincisi, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər: Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur, istisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub;
Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir, Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir.
Burada hadisələrin xronologiyası diqqətdən yayınmır: Paşinyan 21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi; 23 fevralda erməni baş nazir gürcü həmkarı ilə telefon müzakirəsi apardı; 27 fevralda Nikol Afinaya uçdu; 28 fevralda Ermənistanın Gürcüstandakı səfiri bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdü; və bu gün (4 mart) yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə edir;
Bu trafik Ermənistanın silahlanmasında Paris-Afina-Tbilisi-İrəvan marşrutunun prioritet yola çevriləcəyini deməyə əsas verir və aydındır ki, daşınacaq silahlar “Bastion” kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tbilisinin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında “nəfəslik rolu”nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı “Bastion”ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər.
Asif Nərimanlı