İlin əvvəlindən bəri ən güclü qasırğa Çinin cənubunu vurub.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, aprelin 27-də, günorta saatlarında Quanqdonq əyalətinin Quançjou şəhərində təbii fəlakət baş verib. Təbiət hadisəsi 4 kəndə ziyan vurub.
Hadisənin şahidlərinin lentə aldıqları kadrlarda nəhəng qara qasırğanın evləri parça-parça etdiyi, bəzi yerlərdə qısaqapanmaların baş verdiyi, arxa fonda yerli sakinlərin qışqırtılarının eşidildiyi görünür.
Qasırğa səngidikdən sonra şəhərdə hadisənin nəticələrinin aradan qaldırılması və təcili bərpa işlərinin aparılması üçün axtarış-xilasetmə də daxil olmaqla xüsusi işçi qrupları təşkil edilib. Həkimlər, yanğınsöndürənlər, ictimai təhlükəsizlik əməkdaşları və nəqliyyat polisi də əhalinin köməyinə gəlib.
Qeyd olunur ki, qasırğa ilin əvvəlindən Çində ən güclü və ən dağıdıcı olub. Beş nəfər xilas ola bilməyib, daha 33 nəfər yaralanıb. Ehtiyacı olanların hamısına lazımi tibbi yardım göstərilib. Bundan əlavə, qasırğa 140-dan çox fabrik və zavod binasına ziyan vurub. Lakin yaşayış binalarının uçması müşahidə edilməyib.
Hüseyn İbadlı