Ermənistanın Baş nazir Nikol Paşinyan Sünik bölgəsinə səfər edib. Səfər zamanı hökumət başçısı rayonda həyata keçirilən subvensiya və digər işlərin gedişi ilə tanış olub.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Baş nazirin son dayanacağı Şurnux kəndində olub. Orada Nikol Paşinyan yeni tikilən fərdi evlərin paylanması üçün keçirilən püşkatma mərasimində iştirak edib. Dövlət Proqramının icrası nəticəsində 13 ailə üçün 13 fərdi yaşayış evi tikilib, o cümlədən mənzilini itirmiş 12 ailə ev və heyvandarlıq ferması alıb.
Layihənin dəyəri 1,21 milyard dramdır. Baş nazir Paşinyan fərdi evlərə baxıb, yaradılan şəraitlə tanış olub və sakinləri evlərinə köçmələri münasibətilə təbrik edib.
“İnanmaq istəyirəm ki, bu kvartal Şurnux, Gorus, Sünik və Ermənistan Respublikasının yeni həyatının simvoludur, burada yaşamaq və işləmək üçün hər cür şərait var. Hamınıza möhkəm cansağlığı, işləmək üçün güc və eyni zamanda öz nəticələrinizi görməyi, zənginləşmənizi və ölkəmizi zənginləşdirməyi arzulayıram”, - Baş nazir bildirib.
Nikol Paşinyan Sünik rayonunun müxtəlif yaşayış məntəqələrinə səfərlər və sakinlərlə görüşlərə toxunub, onların böyük enerji verdiyini vurğulayıb.
Nikol Paşinyan bildirib ki, o, bütün bölgələrdə sülh və delimitasiya gündəmlərinə dəstək hiss edir. Baş nazir vurğulayıb ki, biz çətin prosesdən keçirik, lakin bu gün ölkəmiz sabitdir, müstəqildir, suverendir və öz suverenlik və müstəqillik səviyyəsini hər gün artırır və bu, ilk növbədə, anlayış və ictimaiyyətin dəstəyi sayəsində baş verir.
Tural