Parisdə Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyin və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi klassik musiqi proqramı ilə anılıb.
Publika.az xəbər verir ki, anım tədbirində çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndə Elman Abdullayev 20 Yanvar faciəsi haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini sındırmaq, milli azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdi. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev faciədən dərhal sonra - yanvarın 21-də öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu qanlı cinayətə sərt şəkildə etirazını bildirib. Sonrakı illərdə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, bu tarix Ümumxalq Hüzn Günü elan olunub.
Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 34 il ötür. 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyi, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq respublikada sovet hakimiyyətinə son verdiyi və Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi vurğulanıb.
Sonra gənc istedadlı pianoçu Riyad Məmmədovun klassik musiqilərdən ibarət konserti olub. Gənc pianoçu P.Çaykovski, İ.Bax, Vaqif Mustafazadə, M.Petruçiani kimi klassik musiqi bəstəkarlarının, eləcə də öz əsərlərini ifa edib.