Bu gün mənim səhnə danışığı müəllimim, əməkdar artist, 3-cü dərəcəli "Əmək" ordenli aktyor, bədii qiraət ustası Azad Şükürovun doğum günüdür. Çox qəribə hissdir, tələbənin öz müəllimindən müsahibə almağı. Qarışıq duyğular içərisində olur adam. Bu müsahibəni tələbələriniz adından kiçik bir hədiyyə kimi qəbul edin, ustad.
Publika.az Azad Şükürovla müsahibəni təqdim edir:
-Azad müəllim, 65 yaşdan baxanda ötən illər necə görünür?
-Birmənalı görünmür ötən illər. Elə illər var ki, onlara görə xəcalət hissi keçirirəm. Elə illər var ki, o illərə görə fəxr edirəm. Fəxr edirəm ki, o illəri yaşamışam, özü də o cür yaşamışam. Yəni ildən ilə fərq var.
-Sualı dəyişim, yaxşı, bəs 65-dən baxanda bundan sonrasını necə görmək istəyir Azad Şükürov?
-Açığı deyim ki, mən öz həyat tərzimlə, yaşamımla, özümlə, düşüncələrimlə bağlı heç nəyi dəyişmək fikrində deyiləm, heç nəyi. Sadəcə olaraq fikirləşirəm ki, indidən sonra mənim hər hansı bir səhv etmək imtiyazım qalmayıb. Hamı artıq mənə ağsaqqal kimi baxır, böyük kimi baxır, nümunə kimi baxırlar. Məsələn, cavanlıqda olub da, nəyinsə kəndirini buraxmısan (gülür), nəsə şuluqluq edirsən.
Amma indi onlar olmaz, yaş 65-di artıq. Bundan sonra fikirləşməlisən ki, mən artıq bəlli bir yaşdayam, bütün bunlara fikir vermək lazımdır. Bu məni bir az əlbəttə ki, narahat edir. Çünki “bunu belə etmək olmaz, onu elə etmək olar” kimi nüanslar bir az adamın azadlığını əlindən alır. Amma hər halda, yaradan hər kəsə ad göndərəndə fikirləşib göndərir. Mənim də adımı Azad göndərib. Bu səbəbdən mənim azadlığıma heç nə təsir edə bilməz. Hər yaşın öz hərəkəti var. Elə hərəkət var, onu bu yaşda eləmək olar, elə hərəkət var ki, etmək olmaz. Onları fikirləşirəm... Bir-iki yarımçıq işlərim var, istəyirəm ki, onları sona çatdırım. Çünki Allahın işini bilmək olmaz.
- İşdən söz düşmüşkən, neçə ildir sənətdə, səhnədə külüng vurur, Azad Şükürov?
- 48 ildir ki, bu sənətdəyəm.
- Maşallah olsun, bir igidin ömrüdür.
- Buna da şükür. Bilirsən necədir? Əgər mən səninlə üz-üzə gələndə utanmıramsa, başımı aşağı salmıramsa, deməli, normal yaşamışam bu həyatda. Təkcə sən deyilsən, mən bütün tələbələrimlə hər məqamda üz-üzə gəlməyə hazıram, onların gözünün içinə dik baxmağa hazıram. Onları qucaqlayıb bağrıma basmağa hazıram bir övlad kimi, bir dost kimi. Mənə elə gəlir ki, pis yaşamamışam. Mən heç vaxt tamaşaçılarıma ucuz bir şey təqdim etməmişəm. Həmişə çalışmışam ki, tamaşaçının səviyyəsindən fərqli olaraq mən öz səviyyəmi saxlaya bilim. Həmişə yüksək səviyyədə çıxış edim.
-Yeri gəlmişkən Azad müəllim, düz 20 il əvvəl mən sizin tələbəniz olmuşam. Çox nadir hallarda bir müəllimi bütün tələbələr sevə bilir. Siz mənim müəllimim olmuşunuz deyə demirəm. Görün nə qədər tələbə yetişdirirsiniz, maşallah olsun. Mənə elə gəlir ki, bütün tələbələriniz sizi sevib. Qəribə bir tələbə-müəllim bağlılığı olub sizdə. Tələbələr sizə bir dost kimi, ata kimi yanaşıb və siz də onları qarşı çox səmimi və mehriban olmuşunuz. Mənə elə gəlir ki, siz heç kimin xətrinə dəyməmisiniz, acılamamısınız. Bu, mənim şəxsi düşüncəmdir.
- Bilirsən, Cəmilə, əgər mən desəm ki, bu uzun müddətdə, pedaqoji fəaliyyətim boyu mən heç bir tələbəni incitməmişəm, düz olmaz. Mən tələbəni incitmişəm də, sıxmışam da. Amma mən tələbəni küncdə saxlamamışam heç vaxt. Həmişə haradasa müəyyən bir yol qoymuşam ona ki, o tərpənib çıxa bilsin. Və o tərpənib çıxandan sonra, üstündən illər keçib, axtarıb, tapıb məni. Deyib ki, mən idi başa düşürəm ki, o vaxt sən məni niyə incitdin... Mən indi o sizin məni incitməyinizin bəhrəsini görürəm. Yəni bütün bunlar səbəbsiz olmayıb. Məntiqli olub. Bir pedaqoqun bir tələbəni yetişdirməsi üçün incitməyi olub. Ona görə məqamında olar bilər ki, hər hansı bir tələbəm məndən bir az küskün, incik ola bilər. Amma illər keçəndən sonra teatrda işləyəndə, kinoya çəkiləndə və yaxud televiziyada işləyərkən başa düşürlər ki, sən demə, Azad müəllim məni buna görə incidirmiş. Ona görə də, mən çox rahatam tələbələrimlə hər zaman üz-üzə gəlməyə, görüşməyə.
-Bax elə bu fürsətdən istifadə edib mən öz adımdan sizə təşəkkür edirəm. Bu gün mən bu sahədə çalışıramsa, nitqimlə, danış tərzimlə bağlı bu gün eşitdiyim bütün xoş sözlərin ən böyük səbəbkarı siz olubsunz, zamanında mənim səhnə danışığı müəllimim kimi.
- Allah eşqinə, Cəmilə. İnsanlara ALLAH verir istedadı. Heç bir müəllim istedad vermir. Müəllim sadəcə istiqamət göstərir. Bax bu yolu belə get. Bu qapı burdadır. Bura pəncərədir, getmə. Müəllim yalnız düzgün yönləndirir tələbəsini. Şükür ki, mənim qarşıma çıxan tələbələrin böyük əksəriyyəti istedadlı olub. Hamınıza uğur arzulayıram.
-Var olun müəllim! Azad müəllim, bu 48 ilə istədiyiniz, arzuladığınız bütün rolları, obrazları sığışdıra bilmişiniz? Yoxsa hələ də elə bir obraz arzu olaraq qalır?
-Yox, yox, yox! Yox, yüz dəfə yox! Mənim oynamaq istədiyim rolları mənim ayağımın altına yığsan, başım buludlara dəyər...Mən teatr məsələsində bir az küskünəmmi deyim, qıraq qalmışammı deyim, incimişəmmi deyim... Mən bir aktyor kimi teatrdan özümü ayrı düşmüş kimi hiss edirəm. Amma bir teatr adamı, pedaqoq, bir tamaşaçı kimi mən teatra bağlı adamam. Gedirəm, tamaşalara baxıram, müzakirələr aparıram. Bu da mənə müəyyən məqamlarda təsir edir.
-Müəllim belə başa düşdüm ki, bu gün Azad Şükürov heç bir teatrda işləmir, düzdür?
-Heç bir teatrda yoxam, çalışmıram. Amma hansısa bir teatrdan belə bir təklif olsa, məmnuniyyətlə gedərəm. Çünki özümdə o gücü, potensialı hiss edirəm.
-Deməli, Azad Şükürov bu gün sırf pedaqoji fəaliyyətlə məşğuldur?
-Bəli, sırf pedaqoji fəaliyyətlə. Bir də bədii qiraətlə gözümün qurdunu öldürürəm. Əgər belə demək mümkündürsə...
-Bədii qiraətdən söz düşmüşkən, bu gün bu sahəyə maraq və həvəs olduqca böyükdür. Yəqin bunu siz də hiss edibsiniz. Bax bu sahənin bir peşəkarı kimi bununla bağlı nəsə bir plan, yenilik gözlənilirmi?
-Əgər bu gün Azərbaycanda bədii qiraət sənətinə belə maraq varsa, açıq etiraf edirəm, buna görə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müəllimlərinə sağ ol demək lazımdır. Əgər əvvəllər barmaqla sayıla biləcək bədii qiraətçilər var idisə, indi saymaqla bitmir. Bax o bədii qiraətlə məşğul olanlara sağ ol demək lazımdır ki, o sənəti ölməyə qoymadılar. Bədii qiraət bu gün bu qədər inkişafdadır. Təbii ki, hamısının səviyyəsi eyni deyil, amma istənilən halda qiraətçilik sənətimizin bu səviyyəyə gəlib çıxması məni çox sevindirir.
-Azad müəllim, doğum gününüzü qeyd etməyi sevirsiniz?
-Yox. İş burasındadır ki, sevmirəm. Bu yaxınlarda dostlarım mənə təklif etdi ki, gəl sənə təmtəraqlı bir ad günü keçirək. Tam səmimiyyətimlə deyirəm, razı olmadım. Elə şeylər var ki, onu eləməyi özümə sığışdırmıram. Elə evdə ailəmlə, doğmalarımla qeyd edəcəm doğum günümü.
-Bəs hədiyyə almağı necə, sevirsiniz, Azad müəllim?
- Elə sevirəm( gülür). Hədiyyədən yaxşı nə var? Kim deyirsə hədiyyə almağı sevmir, inanma (gülürük) Adama hədiyyə edələr, adam da bunu bəyənməyə? Dünən mənim xəbərim olmadan universitetin teatr sənəti şöbəsində ad günümlə bağlı kiçik bir sürpriz etdilər mənə. Mənim də heç nədən xəbərim yoxdur. Dedilər ki kəsiri olan tələbələr var Azad müəllim, siz gərək gəlib onların imtahanında iştirak edəsiniz. Mən də deyinə-deyinə gedirəm universitetə ki, bu müəllimlər niyə tələbəni kəsib (gülürük). Gedib görürəm ki, tort alıblar, çay süfrəsi açıblar. Mənim üçün ən böyük hədiyyə bu oldu.
-Bəs bu vaxta kimi aldığınız ən dəyərli hədiyyə nə olub?
-Mənə mənim Qarabağımı bağışlayıblar. Mənə torpağımı qaytarıblar. Mənə mənim Qarabağıma qayıtmaq imkanı veriblər. Bu, mənim üçün çox, çox böyük hədiyyədir (kövrəlir). 65 yaşımda öz kəndimizə gedə bilirəm, valideynlərimin məzarını ziyarət edə bilirəm. Bundan böyük hədiyyə yoxdur. Bu Azərbaycan ordusunun, Azərbaycan əsgərinin, Azərbaycan Ali Baş Komandanının mənə verdiyi çox böyük bir hədiyyədir. 65 illik yubileyim münasibəti ilə dövlət başçımız məni 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edib. Bundan gözəl nə hədiyyə ola bilər?!
-Aktyor Azad, müəllim Azad, bədii qiraətçi Azad, baba Azad, insan Azad. Hansı daha yaxındır sizə?
-Hamısı mənə yaxındır təbii ki... Amma insanlıq ilk pillədədir. Çox vacib şərtdir. Allah bizi başqa simada, sifətdə də yarada bilərdi də. Amma insan olaraq yaradıb və boynumuza çox böyük bir minnət qoyub. Çalışıb onun etimadını doğrultmaq lazımdır.
-Doğum günündə özünüzə arzunuz nədir?
-Can sağlığı. Mənim canım sağ olsun. Hələ görüləsi işlərim çoxdur.
-Müəllim, sizi bütün tələbələriniz adından təbrik edirəm, əllərinizdən öpürəm. Nə yaxşı ki, sizin kimi ustadımız var. Canınız sağ, ömrünüz uzun olsun ki, planlaşdırdığınız bütün işlərinizi gerçəkləşdirə biləsiniz.
-Var ol, Cəmilə. Minnətdaram. Mən sizin hamınıza xoşbəxtlik arzulayıram.
Cəmilə Hətəmxanova