06.05.24 | Bakı 17.03° C |
17:05:34
Lent :

Nazirlik ömürlük əlilin PENSİYASINI KƏSDİ

16:00 26.04.2024
GÜNDƏM
ads

Bakı şəhəri Suraxanı rayon sakini İsmayıl Nuru oğlu Salmanov sağlamlığını itirməsinə, dörd dəfə cərrahiyyə əməliyyatı keçirməsinə rəğmən, əlillik dərəcəsi və pensiyasını ala bilmir.

Publika.az xəbər verir ki, bu barədə Medianews.az-a danışan şikayətçi bildirib ki, qarşılaşdığı vəziyyətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciət etsə də onun probleminin həllinə köməklik göstərilməyib.

Şikayətçinin sözlərinə görə, sağlamlığını və ürək fəaliyyətinin 60 faizini itirdiyini, bununla da əmək qabiliyyətindən tamamilə məhrum olduğunu aidiyyəti qurumlar nəzərə almır, onu lazımsız get-gələ salırlar: “Mən 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan, evmi, el-obamı itirən, paytaxt Bakıda məskunlaşan qaçqınam. Pis-yaxşı özümə bir şərait qurmuşam, kimsəyə möhtac olmadan, alnımın təri, əlimin qabarı ilə yaşamışam. 2016-cı ilə qədər də sağlamlığımdan hər hansı şikayətim olmayıb. Lakin həmin il infarkt keçirmişəm. Ürəyimə iki ədəd stend qoyulub. Belə demək mümkündürsə, ayağımdan damarı kəsib ürəyimə calayıblar. Cərrahi əməliyyatdan bir müddət sonra aidiyyəti üzrə dövlət qurumlarına müraciət etmişəm, həkim müayinə və müalicəsinin nəticələri olan sənədləri təqdim etmişəm. Aparılan araşdırmalardan sonra ikinci qrup əlilliyi olan şəxs kimi mənə pensiya təmin olunub. 2018-ci ildən 2023-cü ilə qədər bu pensiyanı almışam. Qanuna görə, hər beş ildən bir tibbi komissiyadan, yoxlamalardan keçib təkrar pensiyamı almalıyam. Təəssüf ki, 2023-cü ildə keçirilən tibbi komissiya səhhətimdəki ağırlaşmaları nəzərə almadan, haqsız yerə mənim əlillik dərəcəmi ləğv edib, pensiyamı dayandırıb”.

İ.Salmanov deyib ki, səhhətində hər hansı irəliləyişin olmadığını, vəziyyətinin ağırlığını həkimlər özləri etiraf etsələr də nəticədə dedikləri ilə əməlləri üst-üstə düşməyən qərar qəbul edirlər: “Onlara izah edirəm ki, mən ömürlük əliləm, düzələn halım və canım qalmayıb, haqsızlıq etməyin. Əvəzində məni lazımsız get-gələ salır, əsəbiləşdirirlər. Təsəvvür edin ki, vəziyyətim kritikləşəndə xəstəxana belə məni qəbul etmirdi. Həkimlər açıq şəkildə bildirirdilər ki, sənin ürəyinin cəmi 40 faizi işləyir, risklidir xəstəxanaya qəbul etmək. Amma Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi rəy verir ki, sağlamlığım yerindədir, ürəyimin fəaliyyəti guya 50 faizdir. Məni müayinə edən həkim ayağımda damar tapa bilmədi, ancaq sənədə yazıb ki, 1,5 faiz göstərici var. Sual verirəm ki, niyə belə vicdansızlıq edirsiniz? Mənim ayağımda bir damar tapmaq olmur, ürəyimdən 2023-cü ildə dörd dəfə açıq əməliyyat olunmuşam, kürəyimdə çat var, sol qolum, əllərim, barmaqlarım keyləşir hiss etmirəm, ürəyimin cəmi 40 faizi fəaliyyət göstərir, addım atanda təngənəfəslikdən əziyyət çəkirəm. Belə vəziyyətdə mən necə sağlam ola bilərəm? Axı ikinci qrup əlillik və ona görə təyin olunan cəmi 220 manat pensiya mənim halal haqqım, dava-dərman pulumdur. Niyə bunu mənim kimi yarımcan xəstədən əsirgəyirlər? Əmək qabiliyyətimi tamam itirdiyimə görə işləyib öz müalicəmi də apara bilmirəm. Qalmışam ona-buna möhtac. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciət eləmişəm, şikayətimə baxan yoxdur. Biri o birinin üstünə göndərir, heç bir qurum köməklik göstərmir. Məmurlar açıq şəkildə deyirlər ki, get kimə şikayət edirsən elə. Yəni göz görə-görə məni çarəsiz durumda buraxıblar, sanki ölməyimi gözləyirlər”.

Qeyd edək ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, ev 12, mənzil 169-da yaşayan şikayətçi İsmayıl Nuru oğlu Salmanov redaksiyamızda olarkən tibbi müayinə sənədlərini, aidiyyəti qurumlara müraciətinə verilən cavab məktublarını da təqdim edib. Onun razılığı əsasında sənədlərin fotolarını yazıya əlavə edirik.

Vətəndaşın şikayəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mövqeyini də verməyə hazırıq.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az