21 iyun Ümumdünya Musiqi Günü kimi qeyd olunur. Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edir və beləliklə, həmin gün tarixdə Ümumdünya Musiqi Günü kimi qalır.
Odur ki, Publika.az olaraq bu günü fürsət bilib Azərbaycan və dünya musiqisinə töhfələr vermiş əməkdar artist, dosent, bəstəkar Vüqar Camalzadə ilə söhbətləşdik.
“Gənclərə xitab olunan musiqi hər ötən gün daha da sadələşir və bəsitləşir”
Dünya dəyişdiyi kimi, zaman-zaman musiqi dəbi də dəyişir. Bu, ümumi həyatda müxtəlif nəsnələrə də aiddir. Ona görə də normaldır. Ümumiyyətlə, insanların sayı çoxaldıqca musiqi, kino, kitab, sənət kütləviliyi artır. Nəyinsə kütləviliyi artırsa, onu daha rahat, qəbul olunan edirlər. Belə ki, gənclər, əsasən də 13-25 yaş arası şəxslər klassik musiqilərlə yanaşı bəyəndikləri özünəməxsus musiqilərə də qulaq asırlar. Buna musiqi ilə yanaşı rəqslər də aiddir. Hazırda hər şey kütləviliyə doğru gedir. Buna görə də daha sadə melodiya və hormoniyalar seçilir. Ritmlər isə daha az hərəkətli olur. Dünyada olduğu kimi, Azərbaycanda da bu tendensiya gedir. Gənclərə xitab olunan musiqi hər ötən gün daha da sadələşir və bəsitləşir. Musiqilər fəlsəfi, dramaturji formasını itirir. Çünki başqa cür mümkün deyil. Dünən Azərbaycan musiqi 1000 nəfərə xitab edirdisə, bu gün artıq 100 minə xitab edir. Həmin bu 100 min nəfərin əhvalını və ritmini tutmaq, istədiklərini vermək üçün düşünməyə ehtiyac var. Bu, bütün dünyada belədir.
“Azərbaycan musiqiçisi, müğənnisi avropalıdan daha yaxşı avropalı olmaq istədikcə, bu, bizim üçün problem olacaq”
Dünya mədəniyyətinə və musiqisinə böyük töhfələr vermiş ölkələr var. Onlar əsasən Avropa ölkələridir. Skandinaviya, Şərqi və Qərbi Avropanı da bura aid etmək olar. Daha sonra həmin musiqilər müxtəlif yollarla dünya arenasına çıxarılır. Bununla da həmin mahnıları hər kəsin dinləmək şansı olur. Burada incə bir xətt var. Azərbaycan musiqiçisi, müğənnisi avropalıdan daha yaxşı avropalı olmaq istədikcə bu, bizim üçün problem olacaq. Bütün problemlər də məhz buradan yaranır. Ona görə ki, hər bir ölkənin min illik ənənəsi var. Bizim ənənələrimiz digər ölkələrlə üst-üstə düşmür. Bəli, dünyaya inteqrasiya etmək lazımdır. Bunun yolları var. Həmin yolları tapmaq, icra etmək lazımdır.
“Günümüzdə əvvəlki kimi musiqilər yazılarsa, gələcəkdə klassikaya çevrilə bilər”
Zamanında, 80-ci illərə qədər Azərbaycan bəstəkarları çox gözəl musiqi əsərləri yaratmışdılar. Həmin şəxslərə Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi və başqaları aiddir. Bu şəxsiyyətlərin yaratdıqları əsərlər hələ də yaşayır. Üzeyir bəydən başlayaraq, sözün həqiqi mənasında peşəkar musiqiçilər xalqın ruhuna, canına yaxın olmağa çalışıblar. Ümumiyyətlə, həmin dövrlərdə olan musiqiçilərin hər biri çox peşəkar idi. Bu peşəkarlığa heç kəs söz deyə bilməz. Hazırda gənc bəstəkarlar özləri yazıb, özləri oxuyurlar. Sonra da həmin musiqilər standart aranjiman olur. Aralarında yaxşı da var, pis də. Bəstəkarın musiqiyə, mahnıya yanaşması fərqli bir işdir. Ümumiyyətlə, ən azı musiqi necə yazılmalıdır, nə etmək lazımdırsa onu bilmək vacibdir. Gənc musiqi yazarları isə buna fərqli aspektdən baxırlar. Çoxu işə madiyyat kimi yanaşır. Təbii ki, işin içində bu da olmalıdır. Dünya özü bunu tələb edir. Sözün açığı, gənc bəstəkarların işi ilə elə də maraqlanmıram, mənim üçün elə də maraqlı deyil.
“Bəstəkar olmağımda rəhmətlik anamın rolu böyükdür”
2 yaşımdan pianoda çalıram. 5 yaşından isə uşaq musiqiləri yazmağa başlamışam. Anam pianoda ifa edirdi. Gözümü açandan onu elə görmüşəm. Bütün bunların fonunda qarabağlı qanım da danılmazdır. Əvvəl cavan idim, səhnə faəliyyətim daha çox olurdu. İndi isə daha çox ciddi musiqilərlə məşğul oluram. Hazırda əsasən eksperimental musiqilər bəstələyirəm. Bununla yanaşı, Azərbaycanın 10 dahi şairi - Nizami, Füzuli, Xəqani, Nəsimi, Xətai, Natəvan, Molla Pənah Vaqif, Nəvvab və digərlərinin qəzəllərinə musiqilər işləmişəm. Şuşada iki, Hindistanda isə bir konsertimiz olub. Bu tipli konsertlər yenə də gözlənilir. Bundan başqa, müxtəlif layihələrdə mən və ansamblım çox fəal iştirak etmişik və edirik. Sadəcə, solo çıxışlara məhdudiyyət qoymuşam. Bu da öz seçimimdir. Bu yaxınlarda Xalq yazıçısı Anarın sözlərinə aid “Şuşa” adlı mahnı bəstələmişəm və Ayaz Qasımov ifa edib. Həmin musiqinin tezliklə Şuşada nümayiş olunması gözlənilir. Bu il 50 yaşım olacaq, yubileyimdir. Qismət olarsa, noyabr ayında Heydər Əliyev Sarayında böyük konsert proqramı planlaşdırıram. 30 illik yaradıcılığımda olan ən populyar bəstələrim böyük simfonik orkestr və estrada heyətinin müşayiəti ilə ifa ediləcək. Müğənnilər içində Elnarə Xəlilova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Röya Ayxan, Azər Zeynalov və başqaları olacaq. Həmçinin bayaq qeyd etdiyim 10 dahi şairin qəzəllərinə yazdığım bəstələr Muğam Mərkəzində dinləyicilərə təqdim olunacaq. Bir sözlə, işlər çoxdur. Nə qədər ki, canım var, Azərbaycan musiqisinə xidmət edəcəyəm.
““Yeni ulduz” musiqi yarışması peşəkarların işi idi, bu gün isə…”
Hazırda televiziyaların çoxu özəldir. O zaman “Yeni ulduz” musiqi yarışması da özəl televiziyada yayımlanırdı. Sadəcə burada başqa məqam var. Həmin dövrün bəstəkarları Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Aygün Səmədzadə, Eldar Mansurov, Faiq Şücəddinov və mən müəyyən mahnılar bəstələmişdik. Yəni hamının könlünü oxşayan musiqilər var idi. Ora gələnlər üçün xeyli şərait yaradılmışdı. Bir sözlə, hər şey orada öz yerində, yatağında idi. Artıq dünyada musiqilər bir-iki melodiya üzrə qurulur. Bu isə doğru deyil. Belə mən də, sən də, hər kəs yaza bilər. O cür eynisini yazsam, artıq mən olmaram. Əvvəl bəstəkarlar mənim kimi, bu aspektdən baxırdılar. İndi isə əlindəkini sata bilmirsənsə, bu artıq sənin üçün maraqsız olur.
“Avroviziyada yerimiz yalnız iştirakçı olmalıdır”
Uzun illər Avroviziya Mahnı Müsabiqəsində fəal iştirak etmişəm. Qeyd edim ki, bu, daha çox siyasi platformadır. Azərbaycana gəlincə, nəticə olaraq çox gözəl alınmışdı. Lakin zaman-zaman bu da dəyişdi. Yarışma zamanı kimin-kimlə dost olduğu, yanında olduğu göstərilirdi. Məncə, bu yarışmada yerimiz yalnız iştirakçı olmalıdır.
“ABŞ prezidenti belə, populyarlıq üçün bu yola əl atdı”
Ümumiyyətlə, dünyanın hər yerində bayağı musiqilər tez populyarlaşır. Ən populyarlarından birini qeyd etmək istərdim. Barak Obama prezident seçiləndə “PSY - Gangnam Style” ilə birlikdə bütün dünyanın qarşısında rəqs etdi. ABŞ kimi super dövlətin prezidentinin bunu etməsinin səbəbi var idi. O vaxt həmin musiqi və musiqiçi çox populyar idi. Obama da bu populyarlıqdan öz işi üçün istifadə etdi. Bütün dünyada belədir. Xülasə, hər bir insanın içində iki canavar var: yaxşı və pis. Hansını bəsləsiniz o da qalib gələcək. Hansı istiqamətə daha çox maliyyə ayrılarsa, təbliğat aparılarsa, o sahə də inkişaf edəcək. Bu musiqidə də belədir.
“Bir çoxları məcburiyyətdən, bir qisim isə bacarmadığından bayağı musiqilərə üstünlük verir”
Bütün zamanlara nəzər salsaq görərik ki, peşəkar musiqi çox vaxt kütləvi olmayıb. Musiqidə təbliğat əsasdır. Musiqini canlandırmaq istəyiriksə bunun üçün işləməliyik. Bir çiçəyi böyütmək üçün gərək ətrafındakı alaq otları qoparasan. Bu musiqidə də olmalıdır. Dövlətimiz tərəfindən milli musiqiyə dəstək var. Bu, olmasa musiqimiz itib-batar. Bütün hallarda bu işdə təbliğat mütləqdir. İnsanları nəyin yaxşı, nəyin pis olmasına psixoloji olaraq hazırlamaq lazımdır. Televiziyalar pul qazanmaq istəyirlər, amma cəmiyyəti də başa düşməlidirlər. Müasir dünya musiqiçisi və müğənniləri nə qədər ciddi, fəlsəfi əsərlər ortaya qoysalar, bu maliyyə baxımından o qədər az əlverişli olacaq. Buna görə də bir çoxları məcburiyyətdən, bir qisim isə bacarmadığından bayağı musiqilərə üstünlük verir. Sonra görürlər ki, həmin mahnı onların dili ilə desək, “tutub” və bu zaman oxumağa davam edirlər. Bunlar hamısı pul əldə etmək üçündür.
“Musiqidən söhbət gedirsə, musiqinin bəstəkarı olmalıdır, daim zövq aşınlanmalıdır”
Film musiqisi ilə çox işləmişəm, bu gün də işləyirəm. 300-ə yaxın filmə musiqi bəstələmişəm. Eyni zamanda, müxtəlif teatrlar üçün tamaşalar da yazıram. Ümidliyəm ki, yaxşı film musiqiləri meydana çıxacaq. İstənilən halda hansı iş görürsənsə mütləq onu peşəkarcasına etməlisən. Peşəkar işinin qiymətini, qeyri-peşəkar isə yalnız qiymət bilir, 5 manatın dalınca qaçır. Bir vətəndaş və zövq aşılayıcısı olaraq elə etmək lazımdır ki, işi peşəkarlar görsün. Musiqidən söhbət gedirsə, musiqinin bəstəkarı olmalıdır, daim zövq aşınlanmalıdır. Sovet dövründə elə bilirdik ki, “Jiquli” ən yaxşı maşındır. Sonra gördük ki, “Mercedes” də var. İndi “Mercedes”i qoyub, heç kəs “Jiquli” almaz. Daim yaxşını görüb, analiz etməlisən ki, bu nə üçün yaxşıdır? Zövq aşılanması zaman tələb edir. Bunun üçün bir çox insanlar ac qalıb, əziyyət çəkib, qatlaşıb və fədəkarlıq ediblər. Düşünürəm ki, bu ənənə davam etməlidir.
Aysel Şahmar
Foto: Elnur Muxtar