Zahiri gözəlliyimiz birbaşa bağırsaqların vəziyyətindən asılıdır. Yediklərimiz mikrobiotanın vəziyyətinə böyük təsir göstərir, çünki qida bədənimizə daxil olan vitaminlərin, mineralların və faydalı bakteriyaların əsas mənbəyidir.
Publika.az xəbər verir ki, bu sözləri mikrobioloq Sofiya Tsvetikova "Lenta.ru"ya müsahibəsində deyib. O, bağırsaqlar üçün nəyin zərərli və nəyin faydalı olduğundan danışıb.
"Birincisi, mikrobiota immunitetə təsir edə, bədənin müdafiəsini həm azalda, həm də artıra bilər. İkincisi, bağırsaq mikroflorası vitaminlərin mübadiləsindən və faydalı maddələrin sintezindən cavabdehdir. Təbii ki, mikrobiota dərinin vəziyyətinə təsir edən yeganə faktor deyil, lakin gözəl dəriyə sahib olmaq istəyiriksə, bunu nəzərə almalıyıq", - Sofiya Tsvetikova vurğulayıb.
Dərini yaxşı vəziyyətdə saxlamaq üçün mütəxəssis faydalı bakteriyaların böyüməsini təşviq edən qidalardan istifadə etməyi məsləhət görüb. Buraya ilk növbədə fermentləşdirilmiş qidalar daxildir. Məsələn, duzlu kələm mövsümlərarası ən çox əlçatan, ən sərfəli və faydalı məhsullardan biridir. Onun əsasında çoxlu müxtəlif salatlar hazırlaya və ya ət yeməklərinin yanında servis edə bilərsiniz.
Bundan əlavə, lifli qidalar mikrobiota üçün faydalıdır. Tərəvəz, meyvə, paxlalı bitkilər, taxıl məhsulları, qoz-fındıq və toxumlar liflə zəngindir. Həm təzə, həm də konservləşdirilmiş noxud və yaşıl noxud çox faydalı hesab olunur. Çoxsaylı tədqiqatlar noxud lifinin bakteriya müxtəlifliyini stimullaşdırdığını göstərib.
"Ancaq sırf "dəb naminə" süd məhsullarından imtina edənlər böyük səhv edirlər. Əgər tibbi əks göstərişləriniz yoxdursa, kefir və qatıq, immun sisteminin və dərinin vəziyyətinə müsbət təsir göstərən faydalı mikrofloranın inkişafına kömək edəcək. Biz başa düşməliyik ki, nədənsə imtina edəndə müəyyən mikroelementləri qəbul etmirik və onların yerini doldurmaq lazımdır. Çox vaxt insanlar vitamin qəbul etməklə onları əvəz etməyə çalışırlar, lakin sintetik vitaminlər bizim yediyimiz qidalardan daha pis mənimsənilir", - mikrobiologiya laboratoriya rəhbəri əlavə edib.
Kolbasa, sosiska kimi, yarımfabrikat ət məhsullarını ya tamamilə rasiondan çıxarın, ya da həftədə bir dəfədən çox olmamaqla minimum miqdarda yeməyə çalışın. Mikrobioloq məsləhət görüb ki, kolbasa və sosiskanı təbii bişmiş ətlə əvəz etmək daha yaxşıdır, onu kolbasa kimi doğrayıb sendviç hazırlamaq olar.
Yeri gəlmişkən, insan nə qədər uzun müddət qeyri-sağlam qidalanırsa, bədənin daxilində bir o qədər çox qlikasiya məhsulları yığılır, nəticədə kollagenin istehsalını pozan zülallar bir-birinə yapışır və bu da öz növbəsində dəri tonuna təsir göstərir. Bütün bunlar da qırışlar və cizgilərin vaxtından əvvəl yaranmasına yol aça bilər.
Aytən