Fransada prezident Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən fransız jurnalistlər Nataşa Rey və Amandine Royun işi üzrə məhkəmə keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhkəmə Parisdəki İslah Tribunalında baş tutub. Bricit Makron məhkəməyə gəlməyib, onun maraqlarını vəkil təmsil edib.
Rey böhtanda ittiham olunur; ona qarşı iddia birinci xanım və onun qardaşı Jan-Mişel Troner tərəfindən açılıb. O da xəstə olduğu üçün iclasda iştirak etməyib. Məhkəmədə yalnız Reyin hazırladığı materialları yaymaqda ittiham olunan 49 yaşlı Amandine Roy iştirak edib.
Bricit Makronun vəkili hər iki qadının hər birinin 10 min avro cərimələnməsini istəyib.
Məhkəmə iş üzrə sentyabrın 12-də qərar çıxaracaq.
2021-ci ilin dekabrında, Fransada prezident seçkilərinə aylar qalmış, özünü müstəqil jurnalist kimi qələmə verən Nataşa Rey demişdi ki, illərlə davam edən araşdırma birinci xanım Bricit Makronun əslində kişi doğulduğunu üzə çıxarıb.
Video internetdə sürətlə yayıldı.
Tural