İsveçrə 50 hərbçini və 4 “F/A-18” qırıcısını iyunun 3-dən 13-dək Almaniyanın Şlezviq şəhərində keçiriləcək NATO-nun “Tiger Meet” təlimlərində iştirak etmələri üçün göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin yaydığı məlumatda deyilir:
“İsveçrə Hərbi Hava Qüvvələrinin pilotları transmilli hava hücumundan müdafiə sahəsində bilik və bacarıqlarını dərinləşdirmək üçün 4 “F/A-18” qırıcısı ilə Almaniyaya yollanacaqlar. Onlar taktiki hərəkətlər edəcək, həmçinin birgə hava müharibəsi əməliyyatlarını planlaşdıracaqlar”.
Təlimə ümumilikdə 10 ölkədən (İsveçrə, Almaniya, Yunanıstan, İtaliya, Niderland, Polşa, ABŞ, Türkiyə, Fransa və Çexiya) 1,5 minə yaxın hərbi qulluqçu, 50-dən çox döyüş təyyarəsi və 10 helikopter cəlb olunacaq.
Qeyd edək ki, İsveçrə 2004-cü ildən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində “Tiger Meet” təlimlərində iştirak edir.