İranda İslam Şurası (parlament) və Ekspertlər Məclisinə (Məclise Xuberagan) seçkilər keçirildi. İranda parlament seçkiləri 4 ildən bir, Ekspertlər Məclisinə isə 8 ildən bir keçirilir.
Müstəqil təşkilatların sorğuları göstərirdi ki, səsvermədə iştirakçıların sayı daha az ehtimal olunandır. İranın İctimai Rəyi Öyrənmə Qrupu (Gaman) seçkilərdə seçicilərin iştirakı ilə bağlı apardığı son sorğunun nəticələrinə görə, iştirak nisbəti 25 - 30 % arasında gözlənilirdi.
Stasis İnstitutunun son sorğusunun nəticələrinə görə, İran əhalisinin parlament seçkilərində iştirak səviyyəsi 34% olmalı idi. Rejimin əleyhdarları iddia edirdilər ki, nə elan edilməsindən asılı olmayaraq, seçkilərdə iştirak nisbəti 10 faizi ötməyəcək.
“İran İnternational”ın indiki dini rejim tarixində ən böyük boykot kimi görünən seçkilərlə bağlı yaydığı 10-larla videoda boş səsvermə məntəqələri nümayiş olunur.
Müxalif Kürd Partiyasının baş katibi Komala Abdullah Mohtadi seçkiləri belə şərh edib: “Parlament seçkilərində böyük boykot oldu. Baş verənlər İran rejiminin rəhbərlərinin qorxduğu şey oldu: bütün hesabatlar iştirak nisbətinin 10 faizi ötmədiyini göstərir”.
Tehrandakı yəhudi azlıq son günlər rejim və onun qurumları tərəfindən seçkilərdə iştirak etmək üçün böyük təzyiqlərə məruz qalıb. Yəhudi məsələləri üzrə İran əsilli ekspert Ben Sabti “İran İnternational”-a deyib ki, Tehrandan hökumətin “yəhudiləri səs verməyə və seçkilərdə iştirak etməyə məcbur etdiyi” barədə xəbərlər gəlir.
Bir çox tanınmış islahatçı siyasətçilər, o cümlədən sabiq prezident Məhəmməd Xatəmi də seçkiləri boykot edənlər sırasındadır. Xatəmi ilk dəfədir ki, seçkidə iştirak etmir. Əvvəlki seçkilərdə o, iştiraka və səsverməyə çağırırdı.
Bəlucistan vilayətinin şəhərlərindən xəbərləri işıqlandıran “Xal Vaş” saytı Rask şəhərinin Şəkərqangul kəndinin sakinlərinin hökumətin bölgəni vuran daşqınlara etinasızlığı səbəbindən kənddəki seçki dairəsindən məmurları qovduqlarını yazıb.
Amma rejimə yaxın qurumlar təbliğati məqsədlər üçün başqa rəqəmlər açıqlayırdılar. Hökumətin nəzarəti altında olan ISPA İnstitutu vətəndaşların 50%-dən çoxunun , İslam Respublikası Radiosu da 70 faizinin səs verəcəyini bildirirdi.
İranın dini lideri Əli Xamenei seçkiləri boykot etmək barədə geniş yayılmış çağırışlara münasibət bildirərək deyib ki, seçkilərdə iştirakdan imtina etmək mövcud problemləri həll etməyəcək. Fevralın 28-də tərəfdarları ilə görüşündə o, iranlıları bu seçkilərdə səs verməyə çağırırdı: “Seçkilərdə iştirak etmək istəməyənlər və başqalarını boykot etməyə çağıranlar daha çox düşünməlidirlər, səs verməmək onlara yaraşmaz”. Xamenei çıxışında hər kəsdən öz həmkarlarını, valideynlərini, dostlarını və qohumlarını səs verməyə təşviq etməyi xahiş edirdi.
Rejimin hərbi və təhsillə bağlı qurumlarının rəhbərləri rəsmiləri ilk dəfə səs verən əsgər və tələbələri seçki məntəqələrinə cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Məmurlar tələbələrə “seçki rüşvəti” təklif edir, onların səsvermədə iştirakını artırmaq üçün ailələri və dostları ilə əlaqə saxlamağa çalışırdılar. Məsələn, Təbriz Universiteti ilk dəfə səs verən tələbə seçicilərə seçkilərdə iştirak üçün “hədiyyə” veriləcəyini açıqlamışdı.
Paralel olaraq boykot çağırışları da sərt cəzalandırılırdı. Qərbi Azərbaycan vilayətinin polis rəisi Rəhim Cahanbaxş vilayətdə 50 “virtual sayt fəalı”nın “ictimai fikri çaşdırmağa cəhd etmək və seçkidə iştirak etməməyə çağırmaq” ittihamı ilə həbs edildiyini açıqlayıb. Tehran meri Əli Rza Fəxari seçkilərdə iştirak nisbətlərini müstəqil elan etməmək barədə xəbərdarlıq edərək deyib: "Seçkilərdə iştirak səviyyəsini bildirən hər kəs dediyi sözlərə görə cavab verəcək". Kürdüstan və Məşhəd vilayətlərinin rəsmiləri bu seçkilərdə iştirak nisbətlərini açıqlayıb. Hər iki vilayətdə göstəricinin yüzdə 25-i keçməməsi əhalinin seçkilərə qatılmaq istəmədiyini göstərir. Kirman vilayətində hakim köməkçisi əyalətin seçki dairələri qarşısında “qanunsuz təbliğat” ittihamı ilə 15 nəfərin həbs edildiyini açıqlayıb.
İranın Xorasan Rəzəvi vilayətinin polisi “ictimai rəyi pozmaq”, “rejim əleyhinə təbliğat” və “seçkiləri boykot etməyə çağırış” ittihamları ilə 11 Instagram səhifəsinin bağlandığını və onların sahiblərinin həbs edildiyini açıqlayıb.
İlkin beynəlxalq reaksiyalar da seçkilərin baş tutmasına şübhə yaradır. ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley parlament seçkilərini şərh edərkən deyib: “Rejim bu seçkilərdən demokratiya məşqi kimi istifadə etməyə çalışır, lakin indiyədək minlərlə namizədi sıradan çıxarıb. İranın xalqı yaxşı bilir ki, bu seçkilər onların fikirlərini əks etdirmir və biz də bunu bilirik.”
Namizədlər İran parlamentində 290 yer uğrunda mübarizə aparırdı. Parlament seçkilərində 21 min nəfər qeydə alınsa da, 15 min namizəd iştirak edib. Mühafizə Şurası onların 30%-ə yaxınını rədd edərək, namizədliyini irəli sürmək hüququ olmadığını bildirib.
Mühafizə Şurası həmçinin Ekspertlər Məclisinə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş 501 namizəddən yalnız 144-nün namizədliyini təsdiqləyib, yəni onlardan 357-si rədd edilib. Bəzi əyalətlərdə namizədlər rəqiblərin olmadığı halda rəqibsiz qalib gələcəklər. İranın hazırkı prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizəd olub.
Ekspertlər Məclisinə seçkilərdə əsas məsələ gələcək ali dini rəhbərin qurum tərəfindən, güman ki yeni tərkib tərəfindən seçilməsidir. Seçilmiş ekspertlərin (xuberagan) İranın dini liderini seçmək, nəzarət etmək və lazım gəldikdə vəzifədən azad etmək səlahiyyətləri var. Seçkilərdə iştirak faizi üzərində bu qədər həssaslıq, 2022-ci ildəki hicab aksiyalarından sonra mövcud rejimin legitimliyinin mübahisələndirilməsidir. Seçkilərin cəmiyyət tərəfindən faktiki boykot edildiyi təsdiqlənərsə, bu, ictimai legitimliyin artıq itirilməsi deməkdir. Xüsusən də gələcək rəhbərin qeyri-legitim orqan tərəfindən seçiləcəyi ehtimalı yaranması İran daxilində də, xaricdə də rejimin qəbul edilməsini çətinləşdirərdi. İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi seçkiləri hazırkı rejiminin “legitimlik” əldə etmək üçün etdiyi “böyük hiyləsi” adlandırıb.
Amma “ekspertlərdən” ayətullah Mahmud Məhəmmədi Əraqi deyib ki, hazırda Məclisdə gələcək (varis) rəhbərlə (Vəliyyi-fəqih) bağlı hər hansı müzakirə və ya təklif yoxdur. Ekspertlər Məclisinin Əsasnaməsinin 107 və 109-cu maddələrinə əsasən, bu məsuliyyət 15 fəqihdən ibarət əsas üzv və 5 nəfər əvəzedici üzvdən ibarət komissiyanın üzərinə düşür. Onlar 3 nəfərlik yoxlama heyəti seçir. Bu heyət mütəmadi olaraq toplanır, ehtimal olunan varislərin dosyelərini araşdırır. Heyətin sənədləri məxfiləşdirilir, yalnız zəruri olanda müzakirəyə çıxarılır (khabaronline.ir).
Ayətullah Xameneinin övladlarından birinin gələcək ali dini rəhbər seçilməsi haqda iddialar da var. Əraqi deyir ki, mərhum ayətullah Yəzdinin vaxtında 3 nəfərlik heyətdə dini rəhbərin övladlarından biri ilə bağlı müzakirə gedib. Xəbər Xameneiyə çatanda qadağa qoyub ki, “bu, rəhbərliyin irsi status olmasına şübhələr yaradır, odur ki araşdırmasına belə icazə verməyib. Başqa bir halda Xameneiyə deyilib ki, onun bəyəndiyi şəxs barədə araşdırma aparılmasına icazə versin. Cavabında deyib ki, bu məsələnin də üstündən xətt çəkin” .
Xatırladaq ki, Xameneinin 4 oğlu var və hamısı ruhanidir. Daha çox Müctəba Xameneinin növbəti dini lider ola biləcəyi haqda iddialar səslənir. Ancaq indi hakimiyyətdə olan hərbiləşmiş qanad İbrahim Rəisini bu rolda görür.
C.Quliyev