Çinin yerli istehsalı olan ən iri kruiz gəmisi “Adora sehrli şəhər” ilk kommersiya səfərinə başlayıb.
Publika.az xəbər verir ki, gəmi yanvarın 1-də Şanxay şəhərindəki limandan yola düşüb. Göyərtəsində 3 mindən çox sərnişin olan gəmi bir həftə ərzində Cənubi Koreyanın Cecu adasına, Yaponiyanın Naqasaki və Fukuoka şəhərlərinə baş çəkəcək. Sərnişinlərin rahat səyahəti və mənalı istirahəti üçün gəmidə müxtəlif xidmətlər göstərilir, Çin və qərb mətbəxinə aid 26 restoran fəaliyyət göstərir.
Qeyd edək ki, Çin dövlət gəmiqayırma korporasiyasının istehsalı olan “Adora sehrli şəhər” gəmisinin uzunluğu 323,6 metr, su basımı 135 min ton, ümumi sahəsi 40 min kvadratmetr, sərnişin tutumu 5 min 246 nəfərdir. İnşasına 2019-cu ildə başlanılan 16 mərtəbəli gəmi ötən ilin iyununda suya buraxılıb və bir neçə sınaqdan keçib. Lüks oteli, bir neçə kinoteatrı, mağazaları, akvapark və digər istirahət-əyləncə obyektləri olan gəmi dünyada 5G internet şəbəkəsi ilə təchiz olunan ilk kruiz gəmisidir. Gəminin heyət üzvlərinin sayı 1292 nəfərdir.
İstehsalçı şirkət artıq bu tip ikinci gəminin inşasına başlayıb. İkinci gəminin birincidən 17 metr daha uzun olması planlaşdırılıb.