Gürcüstanın baş naziri İrakli Kobaxidze Ağ Ev administrasiyasının onun ABŞ prezidenti Co Baydenlə qəbula dəvətini ləğv etmək qərarını qeyri-ciddi adlandırıb.
QÜTB.AZ xəbər verir ki, Kobaxidze bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində çıxışından sonra gürcü jurnalistlərə bildirib.
“Bu məsələ ilə bağlı xüsusi şərh verə bilmərəm. Ciddi deyil. Onlar üç gün əvvəl dəvət göndərib, sonra isə onu ləğv ediblər ”, - deyə Gürcüstanın baş naziri qeyd edib.
Kobaxidzenin sözlərinə görə, bu, gürcü müxalifətinin xeyrinə bir növ humanitar akt idi, lakin heç bir əməli effekt verməyəcək.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyət dəyişikliyinə cəhd etmək niyyətində olduğunu bəyan edib. Bildirilib ki, ABŞ-ın indiki administrasiyası artıq genişmiqyaslı informasiya kampaniyası hazırlayıb və onun məqsədi hakim “Gürcü arzusu” partiyasını nüfuzdan salmaqdır.
Vazeh BƏHRAMOĞLU