Böyük Britaniyada “Darragh” qasırğasının yaratdığı güclü küləklər səbəbindən iki nəfər həyatını itirib.
QÜTB.AZ xəbər verir ki, Lankaşir qraflığının Lonqton şəhəri yaxınlığında, A59 magistral yolunda hərəkətdə olan mikroavtobusun üzərinə ağac aşaraq 40 yaşlı sürücünün ölümünə səbəb olub. Bənzər hadisə Birminqemin Erdinqton bölgəsində baş verib. Burada da ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.
Qasırğa zamanı bəzi bölgələrdə küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saata) çatıb. Nəticədə İngiltərənin qərb bölgələri və Uelsdə 250 mindən çox insan elektrik enerjisiz qalıb. Həmçinin, idman tədbirləri təxirə salınıb, bəzi uçuş reysləri ləğv edilib.
Hazırda İngiltərə, Uels və Şotlandiyanın cənub bölgələrində güclü küləklərlə bağlı sarı hava xəbərdarlığı qüvvədədir. Şimal-şərqi İngiltərədə isə yağışla bağlı ayrıca xəbərdarlıq edilib. Ətraf Mühit Agentliyi tərəfindən 65 daşqın xəbərdarlığı və 152 daşqın ehtimalı elan edilib. Bu səbəbdən əhali səyahət planlarını diqqətlə nəzərdən keçirməyə və hava proqnozlarını izləməyə çağırılıb.
Qasırğanın təsirləri nəticəsində bəzi bölgələrdə evlərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxıb və yollar bağlanıb. Mütəxəssislər belə hava şəraitində ehtiyatlı olmağı və zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edirlər.