Bir neçə ildən sonra bəzi ölkələrdə yaşamaq qeyri-mümkün olacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ-nin Perdyu Universitetinin alimləri müəyyən ediblər.
Onların fikrincə, Qərbi Afrika, Cənubi Asiya və ABŞ-nin Orta Qərbi iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli vəziyyətə gələcək.
Alimlərdən ibarət tədqiqat qrupu Yerdəki iqlim dəyişikliyi və istilik dalğaları ilə bağlı məlumatlardan istifadə edərək modelləşdirmə həyata keçirib. Onlar belə qənaətə gəliblər ki, bəşəriyyət qarşıdakı illərdə havanın soyuyacağını gözləməməlidir. Temperatur tədricən artacaq və bu da artan rütubətlə birləşərək əksər insanlar üçün çətin və təhlükəli yaşayış şəraiti yaradacaq.
Qərbi Afrika və Cənubi Asiyanın bəzi hissələri ən həssas bölgələr sırasındadır, çünki bu ərazilər sıx əhalisi və məhdud soyutma qabiliyyətinə malik olması ilə fərqlənir. ABŞ-nin bəzi hissələrində, o cümlədən Orta Qərb bölgəsində də yüksək rütubətli istilər yaşanacaq.
Alimlər əlavə edib ki, texnologiyaya çıxışı olan inkişaf etmiş ölkələrin sakinləri istilərə daha rahat tab gətirəcəklər, lakin bu da uzun sürməyəcək.