ABŞ prezidenti Co Baydenə ilk dəfə obstruktiv yuxu apnesi diaqnozu qoyulub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin həkimi, terapevt Kevin O'Konnorun Amerika liderinin illik müayinəsinin nəticələrinə əsaslanan hesabatında deyilir.
Bundan əlavə, 81 yaşlı Amerika liderində əvvəllər müəyyən edilmiş bir sıra xəstəliklər, o cümlədən atrial fibrilasiya, ayaqların periferik neyropatiyası, hiperlipidemiya, qastroezofagial reflüks və artrit var. Bayden mövsümi allergiyadan da əziyyət çəkir. Ona yuxarıda göstərilən bütün xəstəliklərin müalicəsi üçün dərmanlar təyin edilib.
O'Konnor belə qənaətə gəlib ki, Bayden tam və istisnasız olaraq Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə qadirdir.
“Bayden sağlam, aktiv və möhkəm 81 yaşlı kişidir”, - həkim deyib.
O vurğulayıb ki, Ağ Ev rəhbərinin səhhəti ilə bağlı narahat olmağı lüzum görmür.
Bayden çərşənbə günü, fevralın 28-də Vaşinqtondakı “Walter Reed” Tibb Mərkəzində müayinə olunub.
ABŞ prezidenti ixtisaslaşmış mütəxəssislər tərəfindən müayinə olunub və onlar öz nəticələrini O'Konnora çatdırıblar.
Tural