Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
Növbəti dəfə dünyanın nəbzi Azərbaycanda döyündü. Prezident İlham Əliyevin dünyamızı narahat edən məsələlərlə bağlı verdiyi mesajlar bütün dünya gündəmini zəbt etdi.
Dövlətimizin başçısı növbəti dəfə həm bölgəmiz, həm də dünyamız üçün çox mühüm mesajlar verdi. Bu mesajlar olduqca açıq, cəsur, ünvanlı və hədəfli idi.
Onlardan biri yaxın Şərqlə bağlı məsələlər idi. Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib.
Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq uğurla inkişaf etdirib.
Hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir.
Burada ən önəmli məsələlərdən biri də Azərbaycanın türk respublikaları ilə əlaqələrinə verdiyi önəmdir. Azərbaycan bu prosesin irəli aparılmasında əsas lokomotiv rollardan birini oynayır. Azərbaycan Şimali Kipr Türk Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır.
ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda Azərbaycan Prezidenti həm region, həm də dünya üçün olduqca vacib çağırışlar səsləndirdi.
Prezident Əliyev Avropa İttifaqına, eləcə də region dövlətlərinə yönəlik fikirlər bildirdi, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsinin vacib olduğunu bəyan etdi. “Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır”,- deyə vurğuladı.
Burada söhbət ondan gedir ki, bu gün Avropa təsisatları, Avropa Şurası, Avropa Parlamenti Azərbaycana və Gürcüstana qarşı ikili standartlarla davranmağa davam edir. Hər iki ölkəyə qarşı davamlı olaraq tədbirlər keçirir, addımlar atır. Cənab Prezidentin dediyi ondan ibarətdir ki, bu təsisatlar, bu qurumlar xalqın iradəsi ilə hesablaşmalıdır, xalqın iradəsini qəbul etməlidirlər. Onlar bunu nəzərə almalıdı, xalqın iradəsini əsas götürülməlidirlər, başqa məsələləri yox!
Fikrimcə, bu gün reallıq ondan ibarətdir ki, üç Cənubi Qafqaz respublikasına münasibət tamam fərqlidir və eyni deyil, bu da birmənalı olaraq Azərbaycan tərəfindən ədalətsiz yanaşma kimi qəbul edilir. Bu gün Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir, tam müstəqil olaraq öz xarici dövlət siyasətini yerinə yetirirlər. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onlar bunu nəzərə almalıdırlar.
Cənab Prezident çıxışında bəzi məsələləri də qeyd etdi. Düşünürəm ki, burada Azərbayanın Gürcüstanla kiminsə əleyhinə ittifaqından söhbət getmir. Söhbət ondan gedir ki, bu iki ölkə arasında yaxşı münasibətlər var. Cənubi Qafqazda təhlükəsizliyə, əməkdaşlığa ən böyük zərər vuran, xələl gətirən, problem yaradan Ermənistandır. Burada Azərbaycanla Gürcüstan bir yerdə anlaşaraq bölgəyə sülhün gəlməsi üçün addımlar atmalıdırlar. Ermənistan bu yöndə təxribatlarına, addımlarına son qoymalıdır.
Azərbaycanla Gürcüstanın müttəfiqliyi bölgəmizə sülhün gəlməsi deməkdir.
Cənab Prezident qeyd etdi ki, Gürcüstan tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlik bir sıra təkliflər verib. Yəni müttəfiqlik bu məcrada ola bilər. Amma biz bunu Ermənistanın əleyhinə bir fərqlilik kimi formalaşdırmamalı və qəbul etməməliyik. Biz məsələyə belə yanaşmalıyıq ki, Gürcüstanla Azərbaycan Ermənistanı bu prosesə cəlb etmək və Ermənistanın bölgəmizdə sülh prosesinə maneçiliyini aradan qaldırmaq üçün əməkdaşlıq edə bilərlər. Bu bizim bölgəmizdəki proseslərə birmənalı olaraq öz müsbət töhfəsini verəcək.