Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, seçkilərə gedirsiniz, ƏHD partiyası gələcək parlamenti necə görmək istəyir?
- Yalnız öz seçicilərim tərəfindən yox, Azərbaycanın hər yerindən insanlar mənə müracət edir, pozulmuş hüquqlarının bərpa olunmasına kömək etməyimi istəyirlər. Hər bir ərizəni şəxsən oxuyuram, müvafiq dövlət orqanlarına yönləndirirəm, məmurlar telofona cavab verdikləri halda onlarla danışıb hər kəsə kömək etməyə çalışıram. Amma bunu xüsusi qeyd etmək istəyirəm ki, parlamentdə olan insanlara o nöqteyi-nəzərdən qiymət verilməməlidir ki, o ,neçə seçicisinin pozulmuş hüququnu bərpa edib, yaxud neçə binanın qarşısına işıq lampası asdırıb, neçə xarici səfərə gedib, neçə insanın işə düzəlməsinə, hansısa problemlərinin həllinə kömək edib və s.
Təbii ki, bütün bunlar da önəmlidir, amma millət vəkilinin əsas işi, Prezidentin 6-cı çağırış Milli Məclisin açılış mərasimində qeyd etdiyi kimi, qanunvericiliyin təkmilləşdirilməsi olmalıdır və bu fəaliyyətinə görə onun işinə qiymət verilməlidir. Milli Məclis qanunverici orqandır, orda elə insanlar olmalıdır ki, parlamentə müzakirə olunmaq (təsdiq) üçün göndərilən qanun layihələrinə hansısa dəyişiklik etmək, yaxud Konstitusiyaya ziddirsə və ya insanların maraqlarına cavab vermirsə, onların qəbulundan imtina etmək imkanı olsun. Biz parlamentdə deputat fraksiyaları, alternativ məruzələrin səslənməsini eşitmək istərdik. Əsl parlamentari çalışmalıdır ki, elə qanunlar qəbul olunsun ki, iqtisadiyyatımız inkişaf etsin, qanunlarda ondan sui-istifadəyə imkan verən boşluqlar, ziddiyyətlər olmasın. Bunun qarşısını almaq üçün ilk növbədə həmin boşluqları görən və bu barədə danışa bilən deputatlar olmalıdır. Onlar xarici təzyiqlərdən, böhtanlardan, təhqirlərdən bir sözlə, mənəvi terrordan çəkinməyib, milli maraqlardan çıxış etməyi bacarmalıdırlar. İqtisadi inkişafı ləngidən, inhisarçılığa yol açan normaların ləğvi və belə normaların qəbul olunmasının qarşısının alınmasına çalışmalıdır millət vəkili. Deputat qanunların müzakirəsində yaxından iştirak etməli, təkliflərlə çıxış etməlidir. Bu yolla dövlətə və seçiciyə xidmət etmək lazımdır.
Belə olduqda qanunun aliliyi təmin olunacaq, konstitusion hüquqlar qorunacaq, büdcə gəlirləri artacaq, bu da imkan verəcək ki, pensiyalar, müavinətlər, dövlət qulluqçularının, müəllimlərin, həkimlərin maaşları artsın, biznes mühiti yaxşılaşsın, iş yerləri yaradılsın və s. O zaman seçici qanunsuzluqlarla üzləşməyəcək və deputata müraciətə də ehtiyac qalmayacaq. Hüququ pozulan da məhkəməyə üz tutacaq.
İqtidarın uğurlarından danışıb, bəzi nöqsanların tənqid olunması konstruktiv müxalifətçilik üçün yetərli deyil. Bu, müxalifət yanaşması hesab oluna bilməz, çünki hakim partiyanın üzvləri də tənqidi çıxışlar edirlər. Müxalifət iqtidarın uğularını qeyd etməlidir, necə ki, biz də bunu edirik, amma alternativlər təqdim olunmursa, nöqsanların nədən qaynaqlanması deyilmirsə, həll yolları göstərilmirsə, yalnız tənqidi çıxışları aldadıcı, əhalinin diqqətini məsələnin mahiyyətindən yayındıran və ziyanlı hesab edirəm. Bizi partiya kimi fərqləndirən də məhz bu cəhətdir. Milli Məclisdə ciddi məsələlərin müzakirəsi zamanı tək qalmağımızın da əsl səbəbi budur. Ümid edirəm 7-ci çağırış Milli Məclis xalqımız və dövlətimiz üçün daha uğurlu olar.
- AXCP seçkilərin baykot edilməsinin demokratik proseslərə töhfə vermədiyini bilə-bilə yenə də seçkiləri baykot etməyə hazırlaşır. Buna münasibətiniz necədir?
- Bu, onların seçimidir. Bir dəfə Şuşa işğaldan azad olunanda partiya sədrinin İlham Əliyevi təbrik etməsi istisna olmaqla, bu partiyanın rəhbərliyinin Elçibəyin dünyasını dəyişməsindən sonra bir düzgün qərar qəbul etdiyinin şahidi olmamışam. Baykot ən azından onların özlərini göstərmək istədikləri radikal davranışa uyğun gəlmir. Onlar evdə oturub regional vəziyyətin, qonşuluqdakı ölkələrdə hakimiyyətlərin dəyişməsini və bunun nəticəsi olaraq böyük güclərin Azərbaycanda hakimiyyəti dəyişib onları kukla kimi hakimiyyətdə oturtmalarını gözləyirlər.