ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Sualtı Komandanlığı Los-Anceles sinfinə aid iki nüvə hücum sualtı qayığının Arktikada, Rusiya sərhədləri yaxınlığında buzdan çıxdığını bildirib.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, sualtı qayıqlar Alyaskanın şimalındakı Beaufort dənizinin səthində “Buz Düşərgəsi 2024” təlimi çərçivəsində peyda olublar. Növbəti günlərdə onlar Arktika buzunun altında üzəcəklər.
Komandanlığın bəyanatında deyilir ki, sualtı qayıqlar sahildən 257 km aralıda buzlaq üzərində yerləşən müvəqqəti buz bazası ərazisində keçiriləcək təlimə gəliblər. Bazada 60 hərbçinin daimi dislokasiyasını dəstəkləmək üçün komanda mərkəzi və infrastruktur yerləşir.
Bildirilir ki, təlimlərdə ABŞ Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları və Kosmik Qüvvələri, həmçinin Fransa, Böyük Britaniya və Avstraliya ordularının bölmələri iştirak edir.
Tural