Gürcüstanın paytaxtı Tbilisidə 9-cu sinifdə oxuyan qız, ailə həyatı qurmaq məqsədi ilə 21 yaşlı oğlana qoşulub qaçıb.
Publika.az xəbər verir ki, bu barədə yeniyetmə qızın oxuduğu məktəbdən məlumat verilib.
Bildirilib ki, qızın atası məktəbə gəlib və qızının təhsilini davam etdirə bilməyəcəyini rəhbərliyə bildirib. Təhsil müəssisəsi isə məsələ ilə bağlı məlumat əldə etdikdən sonra polisə müraciət edib.
Məlumata əsasən, polis artıq 21 yaşlı oğlanın barəsində axtarış elan edib və onun ölkədən çıxmasını qadağan edib. Bildirilir ki, hazırda yeniyetmə qızın və oğlanın harada olduğu məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsi, yəni yaşı 16-dan az olan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli hər hansı digər hərəkətlə bağlı araşdırmalara başlanılıb. Cinayət sübuta yetirilərsə, yeniyetmə qızı qaçıran gənci 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.